“Vergi Məcəlləsinə dəyişikliklər milli sahibkarlığın güclənməsinə xidmət edir“ -ZAHİD ORUC

“Vergi Məcəlləsinə dəyişikliklər milli sahibkarlığın güclənməsinə xidmət edir“ -ZAHİD ORUC

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər milli sahibkarlığın gücləndirilməsi və Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə sahibkarların təşəbbüsləri əsasında qanunvericiliyə dəyişikliklərin hazırlanması biznes ictimaiyyətinin iqtisadi siyasətdə iştirakının göstəricisidir. Bu baxımdan təqdim olunan yeniliklər müsbət qiymətləndirilməlidir.

SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, son illərdə vergi daxilolmalarının artması, iqtisadi dövriyyələrin leqallaşdırılması və kölgə iqtisadiyyatının miqyasının azaldılması Azərbaycanın mühüm nailiyyətlərindəndir.

Onun sözlərinə görə, qanun layihəsində nəzərdə tutulan 67 istiqamət üzrə dəyişiklikdən 21-nin bilavasitə sahibkarların təşəbbüsləri əsasında hazırlanması xüsusi əhəmiyyət daşıyır. Bu, biznes ictimaiyyətinin dövlətin iqtisadi siyasətinin formalaşdırılmasında iştirakını nümayiş etdirir.

Zahid Oruc Dövlət Vergi Xidmətinin peşəkarlıq, əlçatanlıq və biznes ictimaiyyətinə yaxınlıq baxımından fərqləndiyini də vurğulayıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə