“Mikrosahibkarların böyüməsi üçün vergi yükü optimallaşdırılmalıdır“ -ZAHİD ORUC

“Mikrosahibkarların böyüməsi üçün vergi yükü optimallaşdırılmalıdır“ -ZAHİD ORUC

Mikrosahibkarların daha yüksək sahibkarlıq kateqoriyasına keçidi zamanı vergi yükünün optimallaşdırılması biznesin genişlənməsi üçün yeni imkanlar yarada bilər. Müəyyən şərtlərlə beş il müddətinə 25 faizlik vergi güzəştinin tətbiqi minlərlə sahibkarın inkişafına dəstək olacaq. Bu yanaşma müəssisələrin böyüməsini stimullaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, indiyədək müəssisələrin böyüməsi bəzi hallarda onların mövcud vergi güzəştlərindən məhrum olması ilə nəticələnirdi. Təklif olunan dəyişikliklər bu ziddiyyətin aradan qaldırılması istiqamətində mühüm addımdır.

O bildirib ki, Azərbaycanın iqtisadi hədəfi yalnız çoxsaylı mikrosahibkarlıq subyektlərinin mövcudluğu deyil, həm də onların arasından iri, uzunömürlü və beynəlxalq bazarlarda rəqabət aparmaq qabiliyyətinə malik milli şirkətlərin yetişdirilməsidir.

Zahid Oruc KOBİA-nın 2025-ci ildə keçirdiyi sorğunun nəticələrinə də diqqət çəkib. Onun sözlərinə görə, sahibkarların 22,64 faizi vergi hesabatlarının və hesablama qaydalarının sadələşdirilməsini, 14,29 faizi elektron sistemlərin təkmilləşdirilməsini, 13,33 faizi vergi yükünün azaldılmasını, 11,43 faizi isə ƏDV sisteminin təkmilləşdirilməsini təklif edib.

Deputat vurğulayıb ki, bu göstəricilər sahibkarlar üçün vergi inzibatçılığının sadələşdirilməsinin vergi dərəcələrinin azaldılması qədər əhəmiyyətli olduğunu göstərir. O, vergi borclarına hesablanan gündəlik faiz dərəcəsinin 0,1 faizdən 0,05 faizə endirilməsini də sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılması baxımından müsbət qiymətləndirib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə