“Vergi güzəştləri Qarabağ və Şərqi Zəngəzurda istehsalı stimullaşdıra bilər“ - AYDIN HÜSEYNOV

“Vergi güzəştləri Qarabağ və Şərqi Zəngəzurda istehsalı stimullaşdıra bilər“ - AYDIN HÜSEYNOV

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər kiçik sahibkarlığın böyüməsi, yerli istehsalın genişlənməsi və ixracın stimullaşdırılması baxımından yeni imkanlar yaradır. Xüsusilə kiçik sahibkarlar üçün beş il müddətinə nəzərdə tutulan 25 faizlik vergi güzəşti onların maliyyə imkanlarının artırılmasına və fəaliyyətlərinin genişləndirilməsinə şərait yarada bilər.

SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, mikro sahibkarların daha yüksək sahibkarlıq kateqoriyasına keçidi zamanı vergi öhdəliklərinin optimallaşdırılması biznesin inkişafına əlavə stimul verəcək. Onun sözlərinə görə, sahibkarların sərəncamında qalan əlavə maliyyə vəsaitləri yeni avadanlıqların alınmasına, istehsalın genişləndirilməsinə və əlavə iş yerlərinin yaradılmasına yönəldilə bilər.

Aydın Hüseynov qanun layihəsində ixracın stimullaşdırılması ilə bağlı nəzərdə tutulan dəyişikliklərə də diqqət çəkib. O qeyd edib ki, Azərbaycanda istehsal edilərək ixrac olunan mallar və müəyyən xidmətlər üzrə gəlir və mənfəət vergisinə beş il müddətinə, maksimum 25 faiz həcmində güzəşt təklif edilir.

Deputatın sözlərinə görə, güzəştin həcmi ixracın müəssisənin ümumi gəlirindəki payından asılı olacaq. Bu mexanizm sahibkarları yalnız daxili bazar üçün deyil, xarici bazarlar üçün də məhsul istehsal etməyə təşviq edə bilər.

O əlavə edib ki, kapital bazarında səhm və istiqrazların alqı-satqısından əldə edilən müəyyən gəlirlərə beş il müddətinə 50 faizlik gəlir vergisi güzəştinin tətbiqi də investorların marağını artıra bilər. Bu, müəssisələrin bank kreditləri ilə yanaşı, qiymətli kağızlar vasitəsilə maliyyə cəlb etməsi üçün əlavə imkanlar yaradacaq.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə