Kənd təsərrüfatında vergi sisteminin uçot mexanizmləri ilə əlaqələndirilməsi dövlət dəstəyinin daha səmərəli təşkilinə imkan verəcək. Bu yanaşma fermerlərin fəaliyyətinin qiymətləndirilməsi, aqrar siyasətin təkmilləşdirilməsi və ölkənin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, kənd təsərrüfatında şəffaflığın artırılmasına xidmət edir.
SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, indiyədək kənd təsərrüfatında elektron sistemlərin tətbiqinə maliyyə vəsaitləri ayrılıb, inzibati resurslar səfərbər edilib. Lakin bu imkanlardan istifadə etməklə sahədə daha təkmil uçot sisteminin qurulması zəruridir.
Onun sözlərinə görə, vergi məsələlərinin uçotla əlaqələndirilməsi dövlətə hər bir fermerə və kənd təsərrüfatı istehsalçısına göstərilən dəstəyi daha dəqiq qiymətləndirmək imkanı verəcək. Bununla da aqrar sahəyə ayrılan vəsaitlərin səmərəliliyi artırıla, dövlət dəstəyi daha düzgün istiqamətləndirilə bilər.
Azər Əmiraslanov əlavə edib ki, bu mexanizm ölkənin ərzaq balansının daha real göstəricilər əsasında hazırlanmasına da şərait yaradacaq. Xüsusilə əsas ərzaq məhsulları üzrə Azərbaycanın özünütəminetmə səviyyəsinin dəqiq hesablanması üçün düzgün uçot sistemi mühüm əhəmiyyət daşıyır.
Deputat vurğulayıb ki, aqrar sahədə vergi uçotunun təkmilləşdirilməsi həm vergi inzibatçılığının inkişafına, həm də kənd təsərrüfatında yeni mərhələnin başlanmasına zəmin yaradacaq. Dövlətin kənd təsərrüfatına genişmiqyaslı dəstək siyasəti isə bundan sonra da davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB