“Naxçıvan istiqamətində dəmir və avtomobil yolları üzrə işlər görülməlidir” - Ceyhun Bayramov
Azərbaycan öz ərazisində Naxçıvanla nəqliyyat bağlantısının təmin edilməsi istiqamətində avtomobil yolu layihəsini tamamlamaq üzrədir, dəmir yolu xətti üzrə işlər isə Ermənistan sərhədi istiqamətində davam etdirilir.
SİA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Almaniyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, Vaşinqtonda əldə edilmiş razılaşmalar, o cümlədən Zəngəzur dəhlizi məsələsi və ABŞ-Ermənistan arasında layihənin icrası ilə bağlı aparılan danışıqlar regional kommunikasiyaların açılması baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, Ermənistan ərazisindən keçən 43 kilometrlik marşrutun giriş və çıxış nöqtələrinin Azərbaycan-Ermənistan sərhədi ilə əlaqəli olması bu layihənin təhlükəsizlik məsələlərini də gündəmə gətirir. Dəhlizin təhlükəsizlik göstəriciləri tərəflərin razılaşdırılmış yanaşmasına uyğun olmalıdır.
Ceyhun Bayramov qeyd edib ki, layihənin həyata keçirilməsi çərçivəsində iki istiqamətdə – Naxçıvan istiqamətində həm dəmir yolu, həm də avtomobil yolları üzrə işlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda elektrik kabeli ilə bağlı texniki parametrlərin uzlaşdırılması və bağlantıların təmin edilməsi vacibdir.
Nazir Azərbaycanın öz ərazisində nəqliyyat infrastrukturu layihələrini davam etdirdiyini, avtomobil yolu layihəsinin tamamlanmaq üzrə olduğunu, dəmir yolu xətti üzrə isə Ermənistan sərhədinə doğru işlərin aparıldığını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB