“Səhiyyə müəssisələri üçün vahid vergi prinsipləri formalaşdırılmalıdır“ - RƏŞAD MAHMUDOV
Azərbaycanda səhiyyə sisteminin müxtəlif sektorlarında fəaliyyət göstərən müəssisələrin vergi və sosial ödəniş rejimlərində mövcud fərqlərin yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Eyni peşə fəaliyyəti ilə məşğul olan tibb işçilərinin yalnız çalışdıqları müəssisənin hüquqi statusuna görə fərqli maliyyə şərtləri ilə üzləşməsi sağlam rəqabətə və kadrların ədalətli bölgüsünə təsir göstərə bilər.
SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı səsləndirib.
Deputat qeyd edib ki, Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən institutlar, ali tibb təhsili müəssisələrinin klinikaları, dövlət tibb müəssisələri və özəl xəstəxanalar eyni səhiyyə sisteminin tərkib hissələridir. Onların hər biri əhalinin sağlamlığının qorunmasına və tibbi xidmətlərin göstərilməsinə xidmət edir.
Onun sözlərinə görə, müxtəlif dövrlərdə qeyri-neft-qaz sektoruna tətbiq edilən güzəştlər, əməkhaqqının müəyyən hədlərinə münasibətdə fərqli vergitutma mexanizmləri və ayrı-ayrı müəssisələrə şamil olunan xüsusi rejimlər eyni peşə sahiblərinin vergi və sosial ödəniş yükündə fərqlər yarada bilir.
Rəşad Mahmudov bildirib ki, burada məqsəd hansısa müəssisəyə verilmiş güzəştin ləğv edilməsi deyil. Əsas məsələ bütün səhiyyə müəssisələrinə münasibətdə vahid, şəffaf və ədalətli prinsiplərin müəyyənləşdirilməsidir.
Deputat əlavə edib ki, elmi-tədqiqat, tədris, sosial öhdəliklər və dövlət sifarişi kimi obyektiv fərqlər nəzərə alına bilər. Lakin bu fərqlər əsassız vergi üstünlüklərinə və rəqabət bərabərsizliyinə çevrilməməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB