"Regionda hərbi qarşıdurmanın genişlənməsi ciddi nəticələr doğura bilər" - ŞƏRH EDİLDİ

"Regionda hərbi qarşıdurmanın genişlənməsi ciddi nəticələr doğura bilər" - ŞƏRH EDİLDİ

"ABŞ və İran arasında münasibətlər təxminən bir ilə yaxındır ki, gərgin olaraq qalır və bu vəziyyət Yaxın Şərqdə regional təhlükəsizlik arxitekturasına ciddi təsir göstərir. Həm ötən ilki müharibə – İsrail və ABŞ qüvvələrinin İrana qarşı mübarizəsi, həm də bu ilki qarşıdurmalar regionun təhlükəsizlik sistemində köklü dəyişikliklər yaradıb. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İordaniya, Bəhreyn və digər Yaxın Şərq ölkələri əmin idilər ki, ABŞ-nin təhlükəsizlik çətiri onları istənilən xarici hücumdan qoruyacaq. Lakin İranın həmin ölkələrdəki Amerika bazalarına, həmçinin Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki enerji obyektlərinə zərbələr endirməsi qlobal miqyasda enerji böhranı yaratdı".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir:

"Bu hadisələr ABŞ-nin təhlükəsizlik çətirinin hədəfləri tam qorumağa gücünün çatmadığını və mövcud arxitekturanın zəiflədiyini sübut etdi. Eyni zamanda, Hörmüz boğazının bir tərəfdən İran tərəfindən bağlanması, digər tərəfdən isə ABŞ tərəfindən blokadaya alınması dünya enerji bazarında ciddi böhranlara və qiymət artımlarına səbəb oldu.

Yeni bir müharibənin başlaması eskalasiyanı daha da gücləndirə bilər. İran tərəfi Avropaya qədər uzanan ABŞ bazalarını hədəfə ala biləcəyini açıq şəkildə bildirir. İran üçün bu müharibənin ölüm-qalım məsələsi olması onun sonuna qədər mübarizə aparacağı anlamına gəlir. Raketləri birbaşa ABŞ ərazisinə çatmasa da, Amerikanın regiondakı müttəfiqləri vasitəsilə müharibəni alovlandırmaq potensialı mövcuddur ki, bu da regional təhlükəsizlik sistemini tamamilə təhlükə altına qoyur.

Bu qarşıdurmanın Cənubi Qafqaza, xüsusilə Azərbaycana sirayət etməsi arzuolunmazdır. Müharibənin daha da genişlənməsi və Cənubi Qafqaza sıçraması hərbi, siyasi, iqtisadi və ən əsası humanitar sahələrdə ciddi problemlər yarada bilər. Yaxın Şərq və Cənubi Qafqaz bir-biri ilə sıx bağlı, qonşu regionlardır; buradakı münaqişələr qarşılıqlı şəkildə bir-birinə təsir göstərir. Sərhəd təhlükəsizliyi, logistika, iqtisadi və enerji əlaqələri baxımından yarana biləcək təhdidlərin qarşısını almaq üçün Azərbaycan milli maraqlarını qorumaq məcburiyyətindədir. Mövcud şəraitdə ən optimal strategiya balanslaşdırılmış xarici siyasət yürütməkdir. Azərbaycan heç bir dövlətin, o cümlədən İrana qarşı yönəlmiş əməliyyatların tərəfində deyil və heç bir ölkəyə öz ərazisindən İrana qarşı istifadə etməyə imkan verməyib, bundan sonra da verməyəcək.

Azərbaycan münaqişələrin hərbi yolla deyil, yalnız danışıqlar və sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Ölkə diplomatiyası qonşu, regional və qeyri-regional dövlətlərlə iqtisadi, ticarət, investisiya və strateji əməkdaşlıq əlaqələrini milli maraqlar çərçivəsində uğurla inkişaf etdirir. Balanslaşdırılmış xarici siyasətin qorunub saxlanılması və sabitliyin dəstəklənməsi Azərbaycanın təhlükəsizliyini və milli maraqlarını təmin edən ən düzgün və səmərəli metod olaraq qalmaqdadır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə