Azərbaycan və Almaniya xarici işlər nazirləri birgə mətbuat konfransı keçirib - FOTOLAR
Noyabrın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan Vadeful arasında birgə mətbuat konfransı keçirilib.
SİA xəbər verir ki, mətbuat konfransında Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti, iqtisadi və enerji əməkdaşlığı, nəqliyyat-kommunikasiya əlaqələri, təhsil, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov çıxışında bildirib ki, Azərbaycan Almaniya ilə birbaşa uçuşların sayının artırılmasında maraqlıdır. Nazir qeyd edib ki, ötən il Almaniyadan Azərbaycana 24 mindən çox turist gəlib, 2026-cı ilin ilk 10 ayında isə bu göstərici 25 mini ötüb.
Xarici işlər naziri 2026-cı ildən Azərbaycan qazının Almaniyaya tədarükünə başlanıldığını və bununla da Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 16-ya çatdığını vurğulayıb. O, həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi ilə bağlı almaniyalı həmkarı ilə müzakirələr apardığını, Almaniyanın bu təşəbbüsü əlverişli və faydalı hesab etdiyini bildirib. Tərəflər Orta Dəhlizin inkişafı məsələsini də müzakirə ediblər.
Ceyhun Bayramov Azərbaycan-Almaniya münasibətlərinin dostluq və beynəlxalq hüquq prinsiplərinə əsaslandığını qeyd edib. Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunacağını xatırladan nazir ali və yüksəksəviyyəli təmasların, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin davam etdiyini bildirib. Onun sözlərinə görə, indiyədək iki ölkə arasında 80 müxtəlif sənəd və saziş imzalanıb, daha 10 sənəd üzrə iş aparılır.
Nazir Azərbaycanda 280 Almaniya şirkətinin qeydiyyatdan keçdiyini, onlardan 210-nun aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Almaniyadan Azərbaycana 950 milyon dollar, Azərbaycandan Almaniyaya isə 670 milyon dollar investisiya yatırıldığını, bu investisiyaların əsasən qeyri-neft sektorunu əhatə etdiyini vurğulayıb. Yaxın vaxtlarda iki ölkə arasında növbəti biznes şurasının keçirilməsinin də nəzərdə tutulduğunu bildirib.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful isə enerji təchizatının iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu qeyd edib. O, Azərbaycanın Almaniyanın enerji iqtisadiyyatı üçün mühüm tərəfdaş olduğunu vurğulayaraq, bu sahədə etibarlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. Nazir iqtisadi şuranın yaradılmasının əhəmiyyətinə toxunaraq, onun qısa müddətdə formalaşdırılması üçün müvafiq addımların atılacağını deyib.
Yohan Vadeful Cənubi Qafqazın Avropa üçün mühüm imkanlar regionu olduğunu bildirib və Azərbaycanın bu regionda aparıcı rolunu xüsusi qeyd edib. O, Azərbaycanla Avropa və Mərkəzi Asiya arasında nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı, dəmir yolları, avtomobil yolları, elektrik enerjisinin ötürülməsi və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb.
Almaniyalı nazir təhsil sahəsində əməkdaşlığın inkişafına da maraq göstərildiyini bildirib. Xüsusilə iki ölkənin universitetləri arasında əlaqələrin genişləndirilməsi, texniki ali təhsil müəssisələrinin bu prosesə cəlb olunması və alman dilinin tədrisi imkanlarının artırılması məsələlərinə toxunub. O, Höte İnstitutunun da Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.
Çıxışında regional təhlükəsizlik məsələlərinə toxunan Yohan Vadeful Avropada təhlükəsizlik sahəsində yeni nizamın yaradılmasına deyil, mövcud beynəlxalq qayda və prinsiplərə əməl olunmasına ehtiyac olduğunu bildirib. O, Helsinki Yekun Aktı, Paris Xartiyası və Budapeşt memorandumunda əksini tapmış öhdəliklərin vacibliyini vurğulayıb.
Azərbaycan-Ermənistan münasibətlərinə də münasibət bildirən Almaniyanın xarici işlər naziri ötən ilin avqustunda keçirilmiş Vaşinqton sammitinin regionda sülhün bərqərar olması baxımından tarixi imkan yaratdığını qeyd edib. O, Almaniyanın yekun sülh sazişinin imzalanması üçün zəruri addımların atılmasına dəstək verməyə hazır olduğunu və Berlinin bundan sonra da sülh prosesində konstruktiv mövqeyini qoruyacağını bildirib.
Mətbuat konfransının sonunda media nümayəndələrinin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB