Putin Çində AB ölkələrindən danışdı

Putin Çində AB ölkələrindən danışdı

Avropa Birliyi vətəndaşlarının həyat səviyyəsi, birliyin Rusiya bazarından imtina etməsi səbəbindən "davamlı olaraq aşağı düşür". Rusiya mediasının məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü, 18 noyabrda Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) biznes sammitindəki çıxışı zamanı bildirib.

Kreml liderinin sözlərinə görə, Avropa Rusiya bazarından imtina etməsi səbəbindən sənaye potensialını və rəqabət üstünlüyünü itirir ki, bu da sonda vətəndaşlara və biznesə təsir göstərir. "AB Rusiya bazarından və ucuz Rusiya enerji resurslarından imtina etməyə uyğunlaşa bilməyib; mövqeyini və potensialını itirir. Vurğulayıram ki, sıx bağlı iqtisadiyyatlar kontekstində dəyər zəncirinin bir halqasındakı süni maneələr bütün digər sahələrdə xərclərə səbəb olur", - deyə Putin bildirib.

O əlavə edib ki, Rusiya əleyhinə və ya digər sanksiyaları aktiv şəkildə tətbiq edən ölkələrdə məhz bu baş verir. Putin çıxışı zamanı həmçinin bildirib ki, "Rusiya dünyanın ən böyük iqtisadiyyatlarından biridir və bu baxımdan Avropa ölkələri arasında liderdir". Kreml lideri əlavə edib ki, Rusiyanın dövlət borcunun ÜDM-in təxminən 17%-i olduğu təxmin edilir ki, bu da onun hesablamalarına görə, dünyada ən aşağı göstəricilərdən biridir.

Xatırladaq ki, APEC sammiti 18-19 noyabr tarixlərində Çində keçirilir. Orada Çin, ABŞ və Rusiya liderləri - Si Cinpin, Donald Tramp və Vladimir Putin üçtərəfli danışıqlar aparacaqlar. Rusiya Baş nazirinin köməkçisi Yuri Uşakov Rusiyanın Ukraynaya qarşı müharibəsinin müzakirə olunacağını açıqlayıb. Xarici medianın məlumatına görə, Tramp, Putin və Si Cinpin arasında Çində keçiriləcək sammit böyük dövlətlərin təsir dairələrini müəyyənləşdirəcəyi qlobal nizama keçidi simvolizə edə bilər.

VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə