Görkəmli kinorejissor Rasim İsmayılovun 90 illik yubileyi keçirilib

Görkəmli kinorejissor Rasim İsmayılovun 90 illik yubileyi keçirilib

Noyabrın 18-də Azərbaycan Dövlət Film Fondunda görkəmli kinorejissor və kinooperor, Əməkdar incəsənət xadimi Rasim İsmayılovun 90 illik yubileyi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.

Xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Rasim İsmayılovun çoxşaxəli yaradıcılıq yolu haqqında ətraflı məlumat verdi. Sonra çıxış edən Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Xalq artisti Xalidə Quliyeva, Əməkdar incəsənət xadimləri Rafiq Qəmbərov, Yuri Varnovski, Elxan Cəfərov, “Asif, Vasif, Ağasif” filmində baş rolun ifaçısı Emil Pənahov görkəmli sənətkar haqqında xatirələrini bölüşdülər. Sonda sənətkarın ailəsi adından çıxış edən Əməkdar jurnalist Nadejda İsmayılova tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rasim İsmayılovun 1964-cü ildə çəkdiyi “Şəhər ritmləri” sənədli filmi, rejissor və operator kimi lentə aldığı bədii filmlərdən fraqmentlər və sənətkarın Dövlət Film Fondunda keçirilmiş 75 illik yubileyində Xalq artisti Eldar Quliyev və Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın çıxışları nümayiş etdirildi.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə