Ağdamın dirçəlişi-tarixin yeni səhifəsi - MƏQALƏ

Ağdamın dirçəlişi-tarixin yeni səhifəsi - MƏQALƏ

Dövlət başçımız İlham Əliyevin tarixi Zəfərimizin və şanlı tariximizin əbədiləşdirilməsi məqsədilə 2023-cü il 31 iyul tarixində imzaladığı Sərəncama əsasən, 20 noyabr Ağdam şəhəri günü kimi qeyd olunur. Ağdam şəhəri Laçın və Kəlbəcər rayonları ilə birlikdə Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq işğaldan azad edilmişdir.
Həmin Bəyanat əsasında üç rayonumuzun bir güllə belə atılmadan Azərbaycana qaytarılması bir daha sübut etdi ki, möhtəşəm Qarabağ Zəfərimiz yalnız döyüş meydanında deyil, həm də siyasi-diplomatik müstəvidə əldə olunmuş tarixi qələbədir. Bu, eyni zamanda, cənab Prezidentin yüksək diplomatik məharətinin, siyasi uzaqgörənliyinin və qətiyyətli mövqeyinin bariz təzahürüdür.
“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Bu ad, uzaq keçmişdə bölgədə yaşayan türkdilli qəbilələrin özlərini qorumaq üçün tikdikləri kiçik qalalardan irəli gəlir. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın bu ərazidə ağ daşdan tikdirdiyi imarət də bu adın yayılmasına səbəb olub. İmarət ətraf kəndlərin sakinləri üçün bir oriyentirə çevrilib və beləliklə, “Ağdam” işıqlı, ağ ev mənasını qazanıb.
1094 kvadratkilometr əraziyə malik Ağdam rayonunun inzibati əsası 1930-cu ildə qoyulmuşdur. Əsasən düzənlik relyefinə sahib olan rayon Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşir. Əlverişli coğrafi mövqeyi Ağdamın tarixən mühüm iqtisadi və strateji əhəmiyyət daşıyan yaşayış məntəqələrindən birinə çevrilməsində mühüm rol oynamışdır.
Ağdam ərazisi qədim dövrlərdən insanların məskunlaşdığı ərazilərdən biridir. XX əsrin 50-ci illərindən etibarən aparılan arxeoloji tədqiqatlar zamanı burada 6–8 min il əvvələ, Eneolit dövrünə aid yaşayış izləri üzə çıxarılmışdır. Qazıntılar nəticəsində aşkar edilən taxıl və üzüm qalıqları ərazidə yaşayan insanların oturaq həyat tərzi sürdüyünü, əkinçilik və təsərrüfat sahəsində mühüm nailiyyətlər əldə etdiyini göstərir. Üzərriktəpədə aparılan arxeoloji araşdırmalar isə Ağdamın Qafqazın ən qədim şəhər tipli yaşayış məskənlərindən biri, Zaqafqaziyanın isə zəngin arxeoloji abidələrə malik ərazilərindən olduğunu təsdiqləyir.
Zəngin tarixi irsi və mühüm coğrafi mövqeyi ilə seçilən Ağdam Ermənistanın işğalçılıq siyasətinin hədəfinə çevrilmişdir. Rayon sakinlərinin düşmənin üstün canlı qüvvəsinə və geniş silah-sursat ehtiyatına qarşı 42 gün ərzində göstərdiyi qəhrəmanlıq və müqavimətə baxmayaraq, 1993-cü il iyulun 23-də Ağdam ərazisinin 73 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində 128 min sakin doğma yurdunu tərk edərək məcburi köçkün həyatına başlamış, rayonun iqtisadi, sosial və mədəni infrastrukturu dağıdılmışdır. Ağdamın müdafiəsi və azadlığı uğrunda aparılan döyüşlərdə 6 mindən artıq soydaşımız şəhid olmuşdur.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 853 saylı qətnamədə Ermənistan silahlı qüvvələrinin Ağdamdan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb olunmuşdur. Eyni zamanda, ATƏT-in Minsk qrupuna daxil olan 9 ölkə adından Ermənistanın hərbi hücumu qətiyyətlə pislənilmiş və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasına çağırış edilmişdir. Lakin beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymayan Ermənistan işğalçılıq siyasətini uzun müddət davam etdirmişdir.
Ermənistanın Ağdama qarşı həyata keçirdiyi təcavüzkar siyasət yalnız ərazilərin işğalı ilə məhdudlaşmamışdır. İşğal dövründə Cenevrə Konvensiyalarından irəli gələn beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulmuş, rayonun tarixi-coğrafi adları dəyişdirilmiş, mülkiyyət talan edilmiş, yaşayış məntəqələri və ətraf ərazilər yandırılaraq dağıdılmışdır. Ermənistan silahlı qüvvələrinin Ağdamla yanaşı, işğal altında saxlanılan digər Azərbaycan rayonlarında da mülki əhaliyə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti bu ölkənin hərbi təcavüz yolu ilə Azərbaycan torpaqlarını ələ keçirmək niyyətini bir daha nümayiş etdirmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər və 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat nəticəsində noyabrın 20-də Ağdam rayonu işğaldan azad edilmişdir. Beləliklə, doğma Ağdamın azadlığı ilə Azərbaycanın Zəfər salnaməsinə daha bir şanlı və qürurverici səhifə yazılmışdır.
2020-ci il noyabrın 26-da Azərbaycan Respublikasının qanunvericilik aktı ilə “Ağdamın azad olunmasına görə” medalı təsis edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ağdam rayonunun azadlığı uğrunda döyüşlərdə xüsusi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu həmin medalla təltif olunmuşdur.
Dövlət başçısı İlham Əliyev Ağdam şəhərinin işğaldan azad edilməsindən sonra bölgəyə dəfələrlə səfər etmişdir. Hazırda Ağdamda bərpa və yenidənqurma prosesi ən yüksək sürətlə davam etdirilir. 2021-ci ildə şəhərin Baş Planı ictimaiyyətə təqdim olunmuş, həmin plan əsasında Ağdamın müasir şəhərsalma standartlarına uyğun şəkildə yenidən qurulmasına start verilmişdir. Kəndlərdə və şəhərin digər ərazilərində də tikinti və bərpa işləri intensiv şəkildə aparılır.
Prezident İlham Əliyevin iştirakı ilə 28 may 2021-ci ildə Bərdə–Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının, həmçinin Ağdam Zəfər və İşğal muzeylərinin təməlqoyma mərasimləri keçirilmişdir. Hazırda “İmarət” Kompleksi, Qarabağ xanlarının türbələri, Cümə məscidi və digər tarixi abidələr bərpa edilərək əvvəlki orijinal görkəminə qaytarılmaqdadır. Bununla yanaşı, yeni yolların salınması, mehmanxanaların, məktəblərin, xəstəxanaların tikilməsi və mədəni irs nümunələrinin bərpası xüsusi diqqət mərkəzindədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”, işğaldan azad olunmuş ərazilər üzrə təsdiq edilmiş ilk strateji şəhərsalma sənədi olmaqla, dövlətin Qarabağın gələcək inkişafına verdiyi yüksək siyasi və iqtisadi prioriteti nümayiş etdirir.
Baş Plan Ağdamı azad edilmiş ərazilərin ən böyük, ölkənin isə dördüncü böyük şəhərinə çevirməyi hədəfləyir. Layihəyə əsasən şəhərdə 100 min nəfərin yaşaması üçün tam müasir, ekoloji və funksional şəhər infrastrukturu formalaşdırılır.
“Böyük Qayıdış” proqramının tərkib hissəsi olan bu konsepsiya çərçivəsində dağılmış ərazilərin genişmiqyaslı bərpası, müasir yaşayış məhəllələrinin salınması, sosial xidmətlərin yenidən qurulması, iqtisadi zonaların və istehsal sahələrinin yaradılması, mina təmizləmə əməliyyatlarının paralel həyata keçirilməsi intensiv şəkildə davam etdirilir.
Baş Plan əsasında Ağdam şəhəri Ağdam Baş Plan əsasında bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulub, bunlardan 2-nin açılışı olub, digərlərin isə təməli qoyulub.
Ağdam rayonunda iqtisadi transformasiyanın əsas elementlərindən biri Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanına əsasən yaradılmış Ağdam Sənaye Parkıdır. 190 hektarlıq park azad edilmiş ərazilər arasında ilk sənaye zonalarından biri olmaqla, Qarabağın sənaye potensialının reallaşdırılmasında həlledici rol oynayır.
10 may 2025-ci ildə açılışı baş tutan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgənin nəqliyyat-kommunikasiya infrastrukturunda yeni mərhələnin əsasını qoymuşdur. Bərdə–Ağdam dəmir yolu xəttinin ikinci mərhələsi kimi inşa olunan kompleks 8 hektarlıq ərazini əhatə edir və Azərbaycanda bir çox texnoloji yeniliklərin tətbiqi ilə seçilir.
2025-ci il 10 may tarixində açılan Ağdam Muğam Mərkəzi, Qarabağın mədəni-simvolik irsinin bərpasına xidmət edən ən mühüm layihələrdən biridir. 474 yerlik konsert zalı, 15 dərs otağı, sərgi sahəsi, iclas otaqları və digər inzibati məkanlar muğam sənətinin tədrisi, ifası və təşviqi üçün geniş imkanlar yaradır.
615 nəfərlik açıq hava amfiteatrının yaradılması isə Ağdamın gələcəkdə regional mədəniyyət festivallarının və beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsinə şərait yaradacaq.
2026-cı ilin noyabr ayına olan məlumata əsasən, Ağdam şəhəri və rayonun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə olmaqla 8300 nəfər sakin məskunlaşıb. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin davamı olaraq, 2025-ci il dekabrın 23–24-də Ağdamda metal elektrik dirəkləri istehsalı müəssisəsinin və “Hilton Garden Inn Agdam” hotelinin açılışı keçirilib, Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməli qoyulub, həmçinin ikinci yaşayış kompleksinin açılışı olub və yeni köçən sakinlərlə görüş keçirilib. 2026-cı il iyulun 14-də Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində aparılan işlərlə tanış olublar. Həmin il noyabrın 7-də isə Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq baş tutub, ortopedik döşək və metal məmulatları istehsalı müəssisələri istifadəyə verilib, Ağdam Zeytun müəssisəsində yaradılmış şəraitə baxış keçirilib. Bütün bunlar Ağdamın sosial-iqtisadi potensialının bərpası, sənaye infrastrukturunun genişləndirilməsi və doğma sakinlərin öz yurdlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin bariz nümunəsidir.
Şübhəsiz ki, davamlı şəkildə icra edilən infrastruktur layihələri, müasir şəhərsalma yanaşmaları və dövlətin siyasi iradəsi Ağdamı yaxın illərdə Cənubi Qafqazın innovasiya və iqtisadi fəallıq mərkəzlərindən birinə çevirəcək. Bu proses, həm ölkənin iqtisadi potensialının genişlənməsinə, həm də illərlə doğma yurdlarına qayıtmağı gözləyən keçmiş məcburi köçkünlərin Ağdama qayıdış prosesinin sürətlənməsinə mühüm təsir göstərəcək.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə