"Azərbaycan üçün ərazi bütövlüyü və suverenliyə hörmət əsas prinsipdir" - POLİTOLOQ

"Azərbaycan üçün ərazi bütövlüyü və suverenliyə hörmət əsas prinsipdir" - POLİTOLOQ

"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlər iki ölkə arasında münasibətlərin normallaşması baxımından mühüm siyasi əhəmiyyət daşıyır".

Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, artıq əsas məsələ yalnız sülhün zəruriliyinin bəyan edilməsi deyil, əldə olunan razılaşmaların konkret siyasi və hüquqi nəticələrə çevrilməsidir:

"Azərbaycan üçün bu prosesdə ərazi bütövlüyünə və suverenliyə hörmət, qarşılıqlı etimadın möhkəmləndirilməsi və uzunmüddətli sabitliyin təmin edilməsi prioritet olaraq qalır. Tərəflər arasında birbaşa dialoqun davam etdirilməsi həm mümkün fikir ayrılıqlarının aradan qaldırılması, həm də regionda yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından əhəmiyyətlidir.

Zəngəzur istiqamətində gedən proseslər isə sülh gündəliyinin iqtisadi və geosiyasi tərəfini ön plana çıxarır. Dublində keçirilən Əliyev–Paşinyan görüşündə TRIPP layihəsinin dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması, tranzit əlaqələrinin inkişafı və sərhədlərin delimitasiyası məsələlərinin müzakirəsi bu istiqamətdə siyasi iradənin mövcudluğunu göstərir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat bağlantısının yaradılması ölkəmizin strateji maraqlarına xidmət etməklə yanaşı, Cənubi Qafqazın beynəlxalq tranzit sistemində rolunu gücləndirə bilər. Bununla belə, layihənin real nəticə verməsi üçün siyasi razılaşmaların texniki və hüquqi mexanizmlərlə tamamlanması vacibdir. Məhz bu baxımdan TRIPP təkcə nəqliyyat layihəsi deyil, Azərbaycan–Ermənistan münasibətlərinin gələcək xarakterini müəyyənləşdirəcək mühüm sınaqlardan biridir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə