Əmək Məcəlləsində yeni hüquqi təminatlar yaradılıb - Nazir danışdı

Əmək Məcəlləsində yeni hüquqi təminatlar yaradılıb - Nazir danışdı

Əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, işçilərin hüquqlarının daha effektiv qorunması və əmək münasibətlərində rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində islahatlar davam etdirilir. Bu çərçivədə əməkhaqqı, məzuniyyət hüquqları və qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı mühüm dəyişikliklər həyata keçirilib.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Əmək Məcəlləsinə edilmiş dəyişikliklər çərçivəsində bərabər əməyə görə bərabər haqq prinsipi təsbit olunub, minimum əməkhaqqının müəyyən edilməsi qaydaları təkmilləşdirilib. Həmçinin ailə və iş həyatının uzlaşdırılması, o cümlədən ödənişli atalıq məzuniyyətinin verilməsi ilə bağlı yeniliklər tətbiq edilib.

Onun sözlərinə görə, qeyri-formal məşğulluğun qarşısının alınması və əmək müqavilələrinin elektronlaşdırılması istiqamətində yeni mexanizmlər işə salınıb. Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyalarını ratifikasiya etməsi ölkənin beynəlxalq əmək normalarına sadiqliyini daha da möhkəmləndirib.

Anar Əliyev qeyd edib ki, hazırda minimum əməkhaqqı sisteminin təkmilləşdirilməsi, əməkhaqqı ödənişlərinin rəqəmsallaşdırılması, işçilərin hüquqlarının tam təmin olunması və əmək müqavilələrinin bağlanması zamanı yaranan praktik çətinliklərin aradan qaldırılması istiqamətində işlər aparılır. Eyni zamanda, işəgötürənlərin əməkhaqlarını nağdsız formada ödəməsi təşviq olunur. Bu, əmək münasibətlərində şəffaflığın artırılmasına və sosial təminat mexanizmlərinin daha səmərəli fəaliyyətinə şərait yaradır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə