"İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sülh prosesinin mühüm hissəsidir" - POLİTOLOQ
"Azərbaycan-Ermənistan münaqişəsi dayanıb, demək olar ki, başa çatıb, lakin münaqişənin doğurduğu ağır nəticələr hələ də davam edir. Bu, xüsusilə itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələdə özünü göstərir. Bu istiqamətdə Azərbaycan və Ermənistan arasında əməkdaşlıq mövcuddur. Üstəlik, Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişinin doqquzuncu bölməsi də məhz bu məsələləri əhatə edir".
Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas, siyasətçi Əli Mustafa deyib.

Siyasətçinin sözlərinə görə, normalda tərəflər, o cümlədən Ermənistan itkin düşmüş şəxslərin yerlərinin müəyyənləşdirilməsi, onlar barədə məlumatların verilməsi və digər məsələləri təmin etməlidirlər. Yəni bu istiqamətdə məlumat mübadiləsi aparılmalıdır:
"Hazırda Azərbaycan tərəfdən 4010 nəfər itkin düşmüş şəxs kimi qeydə alınıb. Təəssüf ki, Ermənistan tərəfi bu şəxslərlə bağlı üzərinə düşən işləri lazımi səviyyədə həyata keçirmir. Bu günlərdə Ermənistanda, səhv etmirəmsə, noyabrın 19-20-də itkin düşmüş şəxslərlə bağlı konfrans da keçirilib. Paşinyan da orada etiraf edib ki, bu sahədə əməkdaşlıq edilməlidir. Onların açıqlamalarına görə, Ermənistan tərəfdən də 1000-ə qədər şəxs itkin düşüb. Bütün hallarda bu istiqamətdə fəaliyyətlər sürətləndirilməlidir.
BMT-nin itkin düşmüş şəxslərlə bağlı müvafiq qurumu var. Həmin qurum da Ermənistan tərəfinin bu istiqamətdəki fəaliyyətini qənaətbəxş hesab etmir. Belə ki, məlumatlar gec və kifayət qədər dolğun şəkildə təqdim olunmur. Təbii ki, burada müəyyən çətinliklər ola bilər, amma bütün hallarda Ermənistan tərəfi siyasi iradə nümayiş etdirməlidir. Həm paraflanmış sülh sazişində, həm də beynəlxalq hüquqda bu kimi məsələlərlə bağlı Ermənistan tərəfinin üzərinə öhdəliklər düşür.
Qeyd etdiyim kimi, itkin düşmüş 4010 Azərbaycan vətəndaşının harada olması, hansı şəraitdə həyatını itirməsi, harada dəfn olunması və kütləvi məzarlıqlar barədə Azərbaycan tərəfinə məlumat verilməlidir. Bu, Azərbaycan tərəfinin həmin istiqamətdə fəaliyyətlərini davam etdirməsi, itkin düşmüş şəxslərin nəşlərinin ailələrinə təhvil verilməsi və digər məsələlərin həlli üçün vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB