Xəzər dənizinin çirklənməsi və ekosistemə təsirləri nələrdir ? - EKOLOQ

Xəzər dənizinin çirklənməsi və ekosistemə təsirləri nələrdir ? - EKOLOQ

'Xəzər dənizinin əsas çirklənmə mənbələrindən biri dənizə axıdılan məişət və kənd təsərrüfatı tullantı sularıdır. Bu suların tərkibində azot və fosfor birləşmələri həddindən artıq çox olur".

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Onun sözlərinə görə, həmin maddələr dəniz yosunlarının sürətlə çoxalmasına səbəb olur:

"Məlumdur ki, azot və fosfor bitkilərin inkişafını sürətləndirən əsas qida elementlərindəndir. Lakin bu maddələrin su hövzələrində normadan artıq toplanması ekoloji tarazlığı pozur.

Yosunların həddindən artıq çoxalması və sonradan parçalanması nəticəsində suda həll olmuş oksigenin miqdarı azalır. Beləliklə, oksigen çatışmazlığı yaranır və balıqların, eləcə də digər su canlılarının yaşaması çətinləşir. Bu proses evtrofikasiya adlanır. Evtrofikasiya nəticəsində su ekosisteminin tarazlığı pozulur, balıqların qidalandığı orqanizmlərin tərkibi və miqdarı dəyişir, bəzi hallarda isə zərərli yosunların çoxalması su canlılarının kütləvi tələfatına səbəb olur.

Bununla yanaşı, dənizə axıdılan tullantı sularının tərkibində digər kimyəvi maddələr də mövcuddur. Bu maddələr su orqanizmlərini birbaşa zəhərləyə bilər. Xüsusilə ağır metallar və digər təhlükəli birləşmələr dənizin dibindəki çöküntülərdə toplanaraq uzunmüddətli çirklənmə mənbəyinə çevrilir. Yəqin ki, dənizin səviyyəsinin aşağı düşdüyü sahələrdə lil və çöküntü yığınlarının yarandığını müşahidə etmisiniz. Həmin çöküntülərdə ağır metalların və sənaye tullantılarının tərkibində olan digər zərərli elementlərin toplanması ekosistemə ciddi ziyan vurur.

Xəzərin çirklənməsinin digər mühüm mənbəyi sənaye tullantı sularıdır. Bu suların tərkibində qurğuşun, civə, kadmium kimi ağır metallar ola bilər. Onlar su orqanizmlərində toplanaraq zəhərlənməyə, çoxalma qabiliyyətinin zəifləməsinə və canlıların sayının azalmasına səbəb olur.

Hazırda Xəzər dənizində balıq ehtiyatlarının azalması ciddi narahatlıq doğurur. Xüsusilə nərə balıqlarının sayının kəskin azalması diqqət çəkir. Xəzər suitilərinə də əvvəlki qədər tez-tez rast gəlinmir. Onların sayının azalması dəniz ekosistemində baş verən mənfi dəyişikliklərin göstəricilərindən biridir. Xəzər suitiləri qida zəncirində mühüm yer tutur və onların vəziyyəti dəniz mühitinin sağlamlığı haqqında müəyyən təsəvvür yaradır. Bununla belə, suitilərin azalmasını yalnız suyun çirklənməsi ilə əlaqələndirmək düzgün olmazdı; iqlim dəyişiklikləri, yaşayış mühitinin pozulması və digər amillər də bu prosesə təsir göstərə bilər.

Xəzərin çirklənməsində Volqa çayının da mühüm rolu var. Volqa vasitəsilə kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr, pestisidlər və sənaye tullantıları Xəzər dənizinə daşına bilər. Bu çirkləndiricilər dəniz suyunun keyfiyyətinə və canlıların yaşadığı mühitə mənfi təsir göstərir. Nəticədə bəzi ərazilərdə ekosistemin vəziyyəti ağırlaşır, canlı orqanizmlərin sayı və müxtəlifliyi azalır.

Digər mühüm məsələ balıqların kürüləmə prosesidir. Bir çox balıq növü, o cümlədən nərə balıqları çoxalmaq üçün dənizdən çayların şirin sularına miqrasiya edir. Bu səbəbdən çayların çirklənməsi onların kürüləmə şəraitini də pisləşdirir. Şirin su hövzələrinin çirklənməsi balıqların kürü tökməsinə, kürünün inkişafına və balaların sağ qalmasına mane olur. Beləliklə, həm dəniz, həm də çay ekosistemlərindəki çirklənmə balıq ehtiyatlarının azalmasını daha da sürətləndirir.

Bütün bunlar göstərir ki, Xəzər dənizinin qorunması üçün tullantı sularının təmizlənməsi, sənaye və kənd təsərrüfatı çirklənməsinə nəzarətin gücləndirilməsi, çay hövzələrinin mühafizəsi və su canlılarının vəziyyətinin müntəzəm monitorinqi vacibdir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə