Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: Yeni əməkdaşlıq imkanları və qlobal əlaqələr - DEPUTAT
"Azərbaycan və Vyetnam arasında əlaqələrin başlanğıcı sovet dövrünə təsadüf edir. 1960-70- ci illərdə minlərlə Vyetnam gənclərinin Bakıda ali təhsil alması ölkələrimiz arasında mədəni- humanitar əlaqələrin əsasını və gələcəkdə müxtəlif istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmin yaradıb".
Bu sözləri SİA-ya aciqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, odur ki, müstəqillik dövründə Cənub- Şərqi Asiya regionu ilə təmasların qurulması da məhz Vyetnamla başlayıb:
"Keçən il ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə yeni dövrdə Azərbaycan- Vyetnam münasibətlərini daha da inkişaf etdirmək üçün geniş imkanlar açıb. Enerji, nəqliyat- loqistika, ticarət, elm, təhsil və səhiyyə, kənd təsərrüfatı sahələrində əməkdaşlıq etmək üçün böyük potensial var. Mövcud Əməkdaşlıq potensialının real layihələrə çevrilməsi və praktik fəaliyyətlərə yol açması ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin məzmununu zənginləşdirə bilər. Azərbaycan - Vyetnam münasibətləri həm də ölkəmizin Cənub- şərqi Asiya regionu ilə əlaqələrini stimullaşdırır. Orta Dəhliz layihəsi çərçivəsində nəzərdə tutulan əməkdaşlıq təkcə iki ölkəni deyil, bütövlükdə Cənub- şərqi Asiya, Cənubi Qafqaz və Avropa regionlarını bir- birinə bağlayan qitələr arası geniş miqyaslı bir layihə olmaqla Azərbaycan- Vyetnam əlaqələrini qlobal əməkdaşlıq səviyyəsinə yüksəldir. Bu baxımdan Vyetnamla strateji əməkdaşlıq Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun artmasına önəmli töhfə verir. Azərbaycan- Vyetnam strateji münasibətləri Qoşulmama Hərakatı və Qlobal Cənub əməkdaşlığı çərçivəsində yaranan qarşılıqlı münasibətlərə də öz təsirini göstərir. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə uyğun olaraq Azərbaycan və Vyetnam bütün beynəlxalq platformalarda bir- birini dəstəkləməklə qlobal əməkdaşlığa və qlobal inkişafa töhfə vermək imkanlarına malikdirlər. Bu baxımdan hər iki ölkənin qlobal siyasi- iqtisadi sistemlərə daha uğurlu inteqrasiyasında Azərbaycan- Vyetnam strateji əməkdaşlığı mühüm rol oynayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB