Ermənistan yeni konstitusiya layihəsi ilə qaynayır. Baş nazir Nikol Paşinyan bu sənədi ölkəsinin xilası kimi təqdim etməyə çalışır. Müxalifət, revanşistlər və kilsə isə yenilənmiş layihəni növbəti kapitulyasiya kimi təqdim edir. Paşinyan: "Məqsədimiz Ermənistan Respublikasını yerdə qazılmış xəndəkdən sülhün kəsişməsinə, dövlət sərhədlərinin toxunulmazlığını və beynəlxalq səviyyədə tanınmış ərazisini müstəqil şəkildə müdafiə edə bilən ordusu olan bir ölkəyə çevirməkdir", deyir. Amma rəqibləri başqa hava çalırlar.
Ermənistanın Baş naziri Nikol Paşinyan 23 noyabr tarixli müraciətində bildirib ki, “mən bu məsələyə bir siyasətçi və bir şəxs kimi bütün etibarımı, bütün mənəvi səlahiyyətimi sərf edirəm və deyirəm ki, yeni Konstitusiyanın qəbulundan sonra biz Azərbaycanla yalnız sülh müqaviləsi imzalayıb təsdiqləməyəcək, həm də institusional, davamlı və dönməz sülhə nail olacağıq. Bu, misli görünməmiş və tarixi bir vəziyyətdir, çünki bizdə institusional sülh olacaq, həm də sülh və müstəqillik, sülh və dövlət olacaq. Bu, mahiyyət etibarilə xalqımızın tarixində yeni bir vəziyyətdir, çünki ənənəvi olaraq ya sülh, ya da dövlət olub. Sovet İttifaqının dağılmasının astanasında, bəlkə də məhz buna görə Qarabağ münaqişəsi yaradılıb - sülhü bir xəyala çevirmək və onu bərpa etmək arzusu bizi dövlətdən və müstəqillikdən imtina etmək ideyasına gətirib çıxardı. Və açıq şəkildə demək istəyirəm ki, Qarabağ məsələsi ilə bağlı bütün danışıqlar prosesi məhz bu məntiqə uyğun qurulub və bəli, bu münaqişə bizi həlak olmuş qurbanlarımızın, sizin əzablarınızın və məhrumiyyətlərinizin bahasına dövlətçiliyimizi itirmək həddinə çatdırıb".
Paşinyan Konstitusiya layihəsindən bir sitat gətirib: "Xalq Ermənistan Respublikasını öz təhlükəsizliyini, azadlığını və rifahını təmin etmək, şəxsiyyətini qorumaq və inkişaf etdirmək, insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə etmək məqsədi ilə qurmuşdur. Bu məqsədin reallaşması milli maraqlara uyğundur". Baş nazir bunu sadəcə təklif deyil, dövlət modelinin seçimi və tamamilə yeni bir dövlət modeli və biz məhz bu modeli Dördüncü Respublika adlandırıb.
Dördüncü III Respublikadan nə ilə fərqlənir?
Erməni lider bunu münaqişənin olmaması ilə əlaqələndirib. Üçüncü Ermənistan Respublikası vətəndaşların təhlükəsizliyini, azadlığını və rifahını təmin etmək, onların kimliyini qorumaq və inkişaf etdirmək, insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə etmək üçün deyil, münaqişə naminə yaradılmışdır. Bu, təkcə 1990-cı illərdə Ermənistan liderlərinin bəyanatlarından və məqalələrindən deyil, həm də 23 avqust 1990-cı ildə qəbul edilmiş İstiqlal Bəyannaməsinin mətnindən də aydın görünür.
Paşinyan əlavə edib ki, məhz bu münaqişə məntiqi fərdi və onun xəyallarını arxa plana atıb bizi qarşıdurma yoluna salıb. Məhz bu münaqişə məntiqi ölkəmizi emiqrasiyaya gətirib çıxarıb. Məhz bu münaqişə məntiqi ölkəmizdə generallar Manvelov, Dodi Qaqo, Kaluqatsi Samo, Robert Köçəryan, Serj Sarkisyan və Mişikin bir məqsədi və bir missiyası olan böyük Ermənistan haqqında yüksək səslə danışanların arasında talan etmək kimi bir şeyləri ortaya çıxardı. Bu gün, nəhayət, bir-birinin ardınca, bu quldurlar öz layiqli cəzalarını alırlar.
Hökumət başçısı vurğulayıb ki, bu gün Ermənistanın ədalət sistemi etibarsızdır. “Etiraf edirəm ki, mövcud Konstitusiyanın dəmir himayəsinə qoyduğu cinayətkar-oliqarxik ədalət sistemi üzündən sabah hansı məhkəmənin, hansı qərarın və ya hansı korrupsioner məmurun azadlığa buraxılacağını bilmirəm. Xalqın mandatı olan bir hökumətlə belə, bir çox quldur və qatil azad gəzir. Bu Konstitusiyanın məqsədlərindən biri ədalət sistemini oliqarxiyanın caynağından azad etmək və onu xalqa qaytarmaq, xalqın və dövlətin xidmətinə qoymaqdır. 2018-ci ilin məşhur, zorakı olmayan məxməri inqilabından sonra hakimiyyət xalqa qaytarıldı. Yeni Konstitusiyanın qəbul edilməsi ilə dövlət xalqa qaytarılmalıdır. Yeni Konstitusiyanın qəbul edilməsi ilə sülh xalqa qaytarılmalıdır. Yeni Konstitusiya layihəsinin 8-ci maddəsində Ermənistan Respublikasının xarici siyasətinin məqsədinin sülhü təmin etmək olduğu təsbit edilir və bu, dövrün bir müddəasıdır”, Paşinyan bildirib.
Nikol Paşinyan qeyd edib ki, bu, 23 avqust 1990-cı il tarixli Müstəqillik Bəyannaməsinin məntiqinin, yəni münaqişə məntiqinin rədd edilməsidir. “Heç vaxt, heç bir halda bunu xarici təzyiq altında və ya başqasının xatirinə etdiyimizi düşünmək həvəsinə qapılmayın. Biz bunu dövlətimizin uzunömürlülüyü vizyonunu reallaşdırmaq və Ermənistan Respublikasının mövqeyini forpost olmaq məntiqini aşacaq şəkildə qurmaq üçün edirik”.
Bəli, Ermənistanın yeni konstitusiyasının layihəsində Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Sənəd xüsusi olaraq onun üçün yaradılmış veb saytında dərc edilib. Daha əvvəl Baş nazir Nikol Paşinyan "Ermənistan vətəndaşları ilə üzvi şəkildə əlaqəli" yeni bir konstitusiyanın qəbul edilməsi kimi siyasi məqsəd qoymuş və ilin sonuna qədər layihəni dərc edəcəyinə söz vermişdi. Müxalifət hökumət başçısını Azərbaycanın Müstəqillik Bəyannaməsinə istinadı konstitusiyanın mətnindən çıxarmaq üçün son tələbini qəbul etməkdə günahlandırır. Bəyannamədə Ermənistan baş nazirinin Azərbaycanın bir hissəsi kimi tanıdığı keçmiş tanınmamış “dağlıq qarabağ respublikasına” istinad, eləcə də Osmanlı İmperiyasında 1915-ci ildə baş vermiş erməni soyqırımına istinad yer alır.
Hakimiyyət isə hələ də Bakının tələbi ilə yeni bir konstitusiya qəbul etdiklərini inkar edir.
"Tarixi iddialar" xəttindən "mövcud sərhədlər daxilində dövlət" modelinə keçid
Ermənistanın yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə təqdim olunması ölkənin həm daxili siyasi sistemini, həm də regional mövqeyini sınağa çəkən dönüş nöqtəsidir. Bu sənədin qəbulunun Ermənistanı dəyişib-dəyişməyəcəyi təkcə hüquqi mətnin dəyişməsindən deyil, referendumun nəticələrindən, daxili siyasi müqavimətdən və dövlət ideologiyasının transformasiyasından asılıdır.
Yeni Konstitusiyanın Ermənistana gətirə biləcəyi dəyişiklikləri və riskləri əsas istiqamətlər üzrə təhlil etsək, öncə "Müstəqillik Bəyannaməsi"ndən çıxışın qeyd olunduğunu görə bilərik. Layihədə ən diqqətçəkən məqam preambulada 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılması və qonşulara qarşı ərazi iddiası yaradan müddəaların çıxarılmasıdır. Nəyi dəyişə bilər? Bu addım Ermənistanın dövlətçilik fəlsəfəsində "tarixi iddialar" xəttindən "mövcud sərhədlər daxilində dövlət" modelinə keçid cəhdidir. Bakının sülh müqaviləsi üçün irəli sürdüyü əsas hüquqi maneələrdən birinin aradan qaldırılması rəsmi İrəvana sazişin imzalanması və ratifikasiyası üçün yol açır.
Məhdudiyyəti nədir? Kağız üzərində müddəaların dəyişməsi cəmiyyətdəki köhnə stereotipləri və revanşist düşüncəni avtomatik silmir. Hüquqi islahatın real siyasi mədəniyyətə çevrilməsi illər tələb edən prosesdir.
Yeni Konstitusiyanın qəbulu Paşinyan hakimiyyəti üçün həm böyük siyasi alət, həm də ciddi riskdir. Müxalifət düşərgəsi və revanşist dairələr layihəni sərt tənqid edir, dövlət institutları ilə kilsə arasındakı münasibətlərin qanunvericiliklə tənzimlənməsi kimi həssas bəndlər isə daxili qarşıdurmanı daha da kəskinləşdirə bilər. Baş nazirin referendumda məğlubiyyət halında siyasi məsuliyyətlə bağlı verdiyi kəskin bəyanatlar prosesi "ya tam dönüş, ya da böyük siyasi sarsıntı" müstəvisinə gətirib çıxarır. Parlamentdəki səs balansı və ictimai rəyin tərəddüdləri yekun nəticəni qeyri-müəyyən saxlayır.
Konstitusiya dəyişikliyi uğurla başa çatarsa, Ermənistanın xarici siyasətində və regional inteqrasiyasında yeni mərhələ açıla bilər. Hüquqi əngəllərin aradan qalxması sülh sazişinin rəsmiləşdirilməsini, sərhədlərin delimitasiyası və nəqliyyat marşrutlarının açılması (o cümlədən Orta Dəhliz və TRIPP kimi layihələr çərçivəsində) üzrə praktik addımları sürətləndirə bilər. İrəvan qonşuları ilə normallaşma yolu ilə iqtisadi blokada və xarici güclərdən birtərəfli asılılıq riskini azalda bilər. Lakin bu, yalnız o halda mümkün olacaq ki, rəsmi İrəvan daxili təzyiqlərə baxmayaraq götürdüyü öhdəliklərə ardıcıl əməl etsin.
Yeni Konstitusiya Ermənistanı hüquqi və doktrinal baxımdan dəyişmək potensialına malikdir, çünki ərazi iddialarının aradan qaldırılması dövlətin qonşularla münasibətlərinin təməlini yenidən qurur. Lakin bu dəyişikliyin dərin, dönməz və praktiki olub-olmayacağını referendum masası, cəmiyyətin sülhə nə dərəcədə hazır olması və İrəvanın daxili siyasi sabitliyi müəyyənləşdirəcək.
V.VƏLİLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB