Dünya məktəbi və Azərkosmosun əməkdaşlığı çərçivəsində həyata keçirilən “Dünya məktəbi” peyk layihəsinin rəsmi açılış mərasimi keçirilib.
SİA xəbər verir ki, layihə məktəblilərin kosmik texnologiyalar, mühəndislik və elmi tədqiqat sahələrində bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsini, onların real peyk missiyasının hazırlanması prosesinə cəlb olunmasını hədəfləyir.
Layihə Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya, Dünya məktəbi və Braziliyanın kosmik təhsil və texnologiyalar sahəsində ixtisaslaşmış “IDEIA Space” şirkətinin əməkdaşlığı ilə həyata keçirilir. Beynəlxalq texniki tərəfdaşlıq çərçivəsində şagirdlər beynəlxalq standartlara uyğun “PocketQube 1P” formatlı piko-peykin hazırlanması, inteqrasiyası və sınaq proseslərində iştirak edəcəklər.
24 ay davam edəcək layihə təcrübə ilə öyrənmə (“learning by doing”) modeli əsasında qurulub. Proqramın ilk 12 ayı tədris, peykin dizaynı, inteqrasiyası və hazırlanmasına, növbəti 12 ayı isə peykin orbitindən əldə olunacaq məlumatların qəbulu, təhlili və tətbiqinə həsr ediləcək. Beləliklə, şagirdlər peykin hazırlanmasından başlayaraq kosmik missiyanın nəticələrinin araşdırılmasına qədər bir sıra mühüm mərhələləri praktiki şəkildə mənimsəyəcəklər.
Layihənin texniki və tədris istiqamətlərinin icrası KOSMİK Akademiya tərəfindən təmin ediləcək, “IDEIA Space” şirkəti isə beynəlxalq texniki tərəfdaş qismində layihəyə ekspertiza və mühəndislik təcrübəsi qazandıracaq. Layihə çərçivəsində müəllimlərin də hazırlanmasına xüsusi diqqət yetirilir. 16–19 noyabr tarixlərində KOSMİK Akademiyada keçirilən “Təlimçilər üçün təlim” (Training of Trainers – TOT) proqramında Dünya məktəbinin müəllimləri “IDEIA Space” ekspert və mühəndislərinin iştirakı ilə peyk texnologiyaları, layihə metodologiyası və şagirdlərə mentorluq üzrə bilik və bacarıqlar əldə ediblər.
Layihənin yekun mərhələsində hazırlanacaq peykin “SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi vasitəsilə aşağı Yer orbitinə çıxarılması planlaşdırılır. Orbitdən əldə ediləcək məlumatların təhsil və tədqiqat məqsədləri üçün istifadəsi nəzərdə tutulur.
Layihənin rəsmi açılış mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, akademik, professor Hamlet İsaxanlı, Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov, “IDEIA Space” şirkətinin baş icraçı direktoru Leonardo Souza, “Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin direktoru Aygün Gardiner İsayeva və KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov çıxış edərək layihənin məqsədləri, əhəmiyyəti və icra mərhələləri barədə məlumat veriblər.
Akademik, professor Hamlet İsaxanlı Dünya məktəbinin Azərkosmosla əməkdaşlığının əhəmiyyətini qeyd edərək deyib:
“Dünya məktəbinin Azərkosmos ilə tərəfdaşlıq, hətta deyərdim ki, dostluq münasibəti qurduğunu öyrənəndə çox sevindim. Bu əməkdaşlıq şagird və müəllimlərimizə elm və texnologiya ilə yaxından tanış olmaq imkanı yaradır. Belə bir fürsətin yaradılması isə onların üfüqlərini genişləndirərək maraqlarını artırmağa və gələcək yollarını işıqlandırmağa töhfə verəcək”.
Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov çıxışında təhsilin və insan kapitalının kosmik sənayenin inkişafındakı rolunu vurğulayaraq bildirib:
“Azərkosmos peyk və kosmik aparatların hazırlanması və idarə olunması ilə məşğul olsa da, bütün bu fəaliyyətlərin təməlində təhsil dayanır. Təlim və tədris hər zaman bizim üçün prioritet istiqamətlərdən biri olub. Hazırda bir sıra mühəndislərimiz milli peyklərin hazırlanması ilə bağlı xaricdə təlimlərdə iştirak edirlər. Onlar bir neçə il sonra Azərbaycana qayıtdıqdan sonra "Azersky-2" peykimizi orbitə çıxaracaqlar.
Düşünürəm ki, 10-15 ildən sonra həmin komandada bu gün zalda əyləşən məktəblilərdən də bir neçəsi olacaq, ölkəmizin kosmik sənayesinin inkişafına töhfə verəcəklər. Bəlkə də bu zalda gələcəyin İlon Maskı, Ceff Bezosu əyləşib.”
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin direktoru Aygün Gardiner İsayeva layihənin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib:
“Mənim üçün kosmos uşaqlıq arzusu idi. Qaqarin kosmosa uçandan 10 il, Aya enişindən 2 il sonra doğulmuşam - o vaxt hər uşaq kosmonavt olmaq istəyirdi. İllər keçdi, o arzu böyüdü və bu gün məni şagird və müəllimlərinin əsl kosmik layihə üzərində çalışdığı bir məktəbə rəhbərlik etməyə gətirdi. Bu, inanılmaz dərəcədə həyəcanvericidir. Çünki orbitdəki peykdə Dünya məktəbinin adının olması bizim əsas məqsədimizin və şagirdlərimizə olan inamımızın göstəricisidir. Biz bilirik ki, onlar bunu bacaracaqlar”.
Tədbir çərçivəsində Dünya məktəbinin şagirdləri “Kainat və insan” (The Universe and Human) adlı bədii təqdimatla çıxış edib. Tədbirin sonunda iştirakçıların iştirakı ilə xatirə fotosu çəkdirilib.
“Dünya məktəbi” peyk layihəsi məktəb təhsilini real kosmik missiya ilə birləşdirərək şagirdlərin elmi düşüncə, mühəndislik, komanda işi və problem həll etmə bacarıqlarını inkişaf etdirməyə, onların gələcəkdə kosmik sənaye və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərmələri üçün yeni imkanlar yaratmağa yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB