"Azərbaycan qadınlarının ictimai fəallığı tarixi ənənələrə söykənir" - Ramin Məmmədov

"Azərbaycan qadınlarının ictimai fəallığı tarixi ənənələrə söykənir" - Ramin Məmmədov

Azərbaycan qadınlarının cəmiyyətin ictimai-siyasi həyatında iştirakı, hüquqlarının təmin olunması və dini-mənəvi irsin qorunmasında rolu qədim tarixi ənənələrə əsaslanır. Bu ənənə müasir dövrdə də dövlət siyasəti və müxtəlif sosial-mədəni layihələr vasitəsilə davam etdirilir.

SİA xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 1901-ci ildə Bakıda müsəlman Şərqində qızlar üçün ilk dünyəvi məktəbin açılması, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi tariximizin mühüm hadisələrindəndir. Bu faktlar qadınların cəmiyyət həyatında fəal iştirakının ölkəmizdə dərin tarixi əsaslara malik olduğunu göstərir.

Komitə sədri qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində qadınların ictimai-siyasi proseslərdə iştirakı, bilik və bacarıqlarının ölkənin intellektual potensialına çevrilməsi müasir dövlət quruculuğunun mühüm şərtlərindən biri kimi qiymətləndirilib. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasında kişi və qadınların bərabər hüquq və azadlıqlarının təsbit edilməsi, eləcə də ölkəmizin həmin il BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına qoşulması bu siyasətin mühüm mərhələlərindəndir.

Ramin Məmmədovun sözlərinə görə, bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Qadın hüquqlarının təmin olunması, onların ictimai-siyasi həyatda və dövlət idarəçiliyində təmsilçiliyinin genişləndirilməsi, təhsil imkanlarının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

O, həmçinin Azərbaycan qadınlarının dini-mənəvi irsin qorunmasında tarixi roluna diqqət çəkib. Gövhər ağanın Şuşada Yuxarı və Aşağı Gövhər ağa məscidlərini, Nabat xanım Aşurbəylinin isə Təzəpir məscid kompleksini öz vəsaiti hesabına inşa etdirməsini bu ənənənin nümunələri kimi göstərib.

Komitə sədri vurğulayıb ki, xeyriyyəçilik və himayədarlıq ənənəsi bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ilə davam etdirilir. Fondun təhsil, səhiyyə, mədəniyyət, humanitar əməkdaşlıq, milli və dini irsin qorunması sahələrində həyata keçirdiyi layihələr, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tarixi-dini abidələrin bərpası bu fəaliyyətin mühüm istiqamətlərindəndir.

Ramin Məmmədov Gövhər ağanın vaxtilə tikdirdiyi məscidlərin Heydər Əliyev Fondu tərəfindən bərpasını Azərbaycan qadınının dini-mənəvi irsin yaşadılmasındakı tarixi rolunun davamlılığını göstərən mənalı nümunə kimi dəyərləndirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə