"Zəngəzur dəhlizi mahiyyət etibarilə Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasına bərabər əhəmiyyət daşıyır" - ŞƏRH
"Ermənistan tərəfdən Zəngəzur dəhlizi ilə bağlı məsələnin yerindən tərpənmək ərəfəsində olduğunu düşünmək olar. Uzun gözləntilərdən sonra nəhayət, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı ilk addımı atır. Nəzərə alsaq ki, hüquqi müstəvidə Vaşinqtonda imzalanmış saziş və daha sonra Ermənistan ilə ABŞ arasında dəhlizlə bağlı imzalanmış saziş artıq mövcuddur, indi isə sahədə, ərazidə ilk addımın atıldığını düşünmək olar". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Ermənistanın burada ardıcıl olmasına ehtiyac var:
"Ermənistanın siyasi iradə nümayiş etdirməsi, bölgənin iqtisadi və rifah maraqları naminə sona qədər ardıcıl mövqe sərgiləməsi vacibdir. Sözsüz ki, müəyyən ölkələrdən Zəngəzur dəhlizinin açılması prosesi dərinləşdikcə müqavimətlə qarşılaşacağıq. Ermənistan hakimiyyətinə təzyiqlər mümkündür. Amma Zəngəzur dəhlizinin açılması Azərbaycan tərəfindən qəti qərarlaşdırılmış bir layihə olduğuna görə Azərbaycan bu layihə ilə bağlı siyasətindən imtina etməyəcək.
Bütün hallarda, müqavimətin İrandan və ya Rusiyadan gəlməsindən asılı olmayaraq, Ermənistan bu istiqamətdə ardıcıl şəkildə addımlar atmağa davam etməlidir. Zəngəzur dəhlizinin açılması prosesi dərinləşdikcə bu, Azərbaycan-Ermənistan münasibətlərinin, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına xeyli təsir göstərəcək. Çünki Zəngəzur dəhlizi mahiyyət etibarilə Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasına bərabər əhəmiyyət daşıyır. Yəni, bu, bölgənin taleyinə, ilk növbədə, sosial-iqtisadi və ticarət kontekstində təsir göstərə biləcək bir layihədir.
Dəhlizin açılması prosesinin dərinləşməsi, eləcə də bölgədə geosiyasi qüvvələr balansına müəyyən təsirlər göstərəcək. Çünki Zəngəzur dəhlizinin açılmasının, bəlli olduğu kimi, əsasən Amerikanın patronajlığı altında həyata keçirilməsi nəzərdə tutulur.
Zəngəzur dəhlizinin açılması təkcə regionda deyil, eyni zamanda dünya miqyasında da müəyyən dəyişikliklərin yaranmasına gətirib çıxara bilər. Çünki Amerikanın patronajlığı altında olan bu layihə Amerika-Rusiya münasibətlərinə də müəyyən qədər təsir göstərəcək. Eyni zamanda, Avropa ölkələrinin də bölgəmizlə əlaqələrinin daha da sıxlaşmasına şərait yaradacaq. Nəhayət, Zəngəzur dəhlizinin açılmasından indiyə qədər əsasən ehtiyat edən İranın da öz siyasətində dəyişikliklər etməsinə ehtiyac yaranacaq.
Çünki Zəngəzur dəhlizi heç də bəzilərinin qorxulu yanaşdığı kimi, bölgədə hərbi və siyasi qarşıdurmaya gətirib çıxarmaq məqsədi daşıyan layihə deyil. Azərbaycan baxımından bu layihə, ilk növbədə, bölgədə ticarət və iqtisadi münasibətlərin yenidən qurulmasına təsir göstərmək baxımından əhəmiyyətlidir. Bu mənada İran da, Rusiya da dəhlizdən iqtisadi və ticarət baxımından bəhrələnə bilərlər.
Amma, əlbəttə, Zəngəzur dəhlizi bölgədə geosiyasi balansına təsir göstərəcək. Ona görə ki, bu, Amerikanın bölgəmizdə iqtisadi və ticarət baxımından fəallaşmasını nəzərdə tutan layihədir və geosiyasi perspektivə də təsir göstərəcək. Ümumilikdə, Zəngəzur dəhlizi bölgənin iqtisadi, ticarət, investisiya və qarşılıqlı münasibətlər mənzərəsinin dəyişməsinə xeyli dərəcədə təsir göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB