"Qızların təhsildən yayınmasının qarşısını almaq vacibdir" - Komitə sədri

"Qızların təhsildən yayınmasının qarşısını almaq vacibdir" - Komitə sədri

Qızların təhsil almasına dəstək göstərilməsi, onların peşəkar gələcəyinin təmin olunması və təhsildən yayınma hallarının qarşısının alınması cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Ailələrdə bəzən təhsil imkanları bölüşdürülərkən oğlan uşaqlarına üstünlük verilməsi isə bu sahədə əlavə dəstək mexanizmlərinin vacibliyini göstərir.

SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, qızların təhsildən yayınması məsələsinə xüsusi diqqət yetirilməli, onların təhsil imkanlarının genişləndirilməsi üçün maarifləndirmə və dəstək tədbirləri gücləndirilməlidir.

Deputat qeyd edib ki, bəzi ailələrdə iki övladın təhsil alması məsələsi gündəmə gələndə, xüsusilə özəl təhsil imkanları ilə bağlı qərarlarda oğlan uşaqlarına üstünlük verilir. Qızların təhsilinə dəstək proqramları isə belə hallarda onların da ali təhsil almasına və gələcəkdə peşəkar mütəxəssis kimi formalaşmasına imkan yaradır.

H.Hüseynova vurğulayıb ki, müasir dövrdə ailələrə, gənclərə və milli-mənəvi dəyərlərə təsir göstərməyə yönələn ideoloji təsirlər cəmiyyət üçün ciddi çağırışdır. Bu baxımdan məktəblərdə, xüsusilə orta və ali təhsil müəssisələrində maarifləndirmə işinin gücləndirilməsi vacibdir.

O bildirib ki, qızların təhsil alması yalnız onların fərdi inkişafı deyil, həm də ailənin və bütövlükdə cəmiyyətin gələcəyi baxımından əhəmiyyətlidir. Bu istiqamətdə dövlət qurumlarının, təhsil müəssisələrinin və ailələrin birgə fəaliyyəti mühüm rol oynayır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə