Azərbaycan-Vyetnam münasibətləri yeni mərhələyə qədəm qoyur - ŞƏRH

Azərbaycan-Vyetnam münasibətləri yeni mərhələyə qədəm qoyur - ŞƏRH

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində ölkə prezidenti ilə yanaşı, baş nazir və parlament sədri ilə də görüşlər keçirməsi iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafına verilən önəmin göstəricisidir. Bu görüşlər onu deməyə əsas verir ki, Azərbaycan Vyetnamla əməkdaşlığın yalnız siyasi və diplomatik müstəvidə deyil, iqtisadi, ticarət, parlamentlərarası və digər istiqamətlərdə də genişləndirilməsində maraqlıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, dövlətlərarası münasibətlərin inkişafı yalnız ali rəhbərlik səviyyəsində keçirilən görüşlərlə məhdudlaşmamalıdır:

"Bu əməkdaşlıq müxtəlif nazirliklər, dövlət qurumları, parlamentlər və ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən təşkilatlar arasında da davamlı şəkildə genişləndirilməlidir. Çünki ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün institusional əlaqələrin qurulması, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və konkret birgə layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan və Vyetnam arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial, müvafiq təcrübə və əlverişli imkanlar mövcuddur. Xüsusilə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilə bilər. Azərbaycan tərəfi də bu münasibətlərin daha da inkişaf etdirilməsi, mövcud imkanlardan səmərəli istifadə olunması və yeni təşəbbüslərin reallaşdırılması üçün üzərinə düşən səyləri göstərməyə hazırdır.

Eyni zamanda, Vyetnam tərəfinin də Azərbaycanla dostluq və tərəfdaşlıq münasibətlərinin qurulmasını və inkişaf etdirilməsini xarici siyasətinin mühüm istiqamətlərindən biri hesab etməsi diqqətəlayiqdir. Bu yanaşma iki ölkə arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, siyasi dialoqun intensivləşdirilməsi və uzunmüddətli əməkdaşlıq perspektivlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumilikdə, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan-Vyetnam münasibətlərinin yeni mərhələyə qədəm qoyması, əməkdaşlığın daha geniş sahələri əhatə etməsi və iki ölkə arasında mövcud əlaqələrin konkret nəticələrlə zənginləşdirilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilə bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə