“Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur“ -MİLLƏT VƏKİLİ

“Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur“ -MİLLƏT VƏKİLİ

“Cənab Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərini, mövcud əməkdaşlığın əsas istiqamətlərini və gələcək inkişaf perspektivlərini əhatə etməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərə söykənən dostluq, qarşılıqlı hörmət və etimad prinsipləri əsasında formalaşıb:

”1959-cu ildə Vyetnamın görkəmli dövlət xadimi Ho Şi Minin Bakıya səfəri bu əlaqələrin tarixində xüsusi yer tutur. Eyni zamanda, 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən Vyetnam səfəri ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verib. Bu tarixi ənənələr bu gün də Azərbaycan-Vyetnam münasibətlərinin əsasını təşkil edir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müsahibədə vurğuladığı kimi, 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərdə yeni mərhələnin başlanğıcı olub. Bu sənəd iki ölkə arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradır.

Xüsusilə iqtisadi-ticari əlaqələrin inkişafı diqqətəlayiqdir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötüb. Bununla yanaşı, energetika, sənaye, kənd təsərrüfatı, investisiya və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. SOCAR ilə PetroVietnam arasında əməkdaşlığın dərinləşdirilməsi, eləcə də Vyetnam şirkətlərinin Azərbaycanın investisiya və infrastruktur layihələrində iştiraka maraq göstərməsi iqtisadi tərəfdaşlığın praktiki məzmununu artırır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu da ikitərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Vyetnamla Avropa arasında yükdaşımaların genişləndirilməsi ölkəmizin tranzit imkanlarından daha səmərəli istifadə edilməsinə şərait yarada bilər.

Münasibətlərimizin mühüm istiqamətlərindən biri də humanitar, mədəni və təhsil əlaqələridir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil layihələri, Leyla Əliyevanın bu ölkəyə səfəri, universitetlərarası əməkdaşlıq və tələbə mübadiləsi xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması bu əlaqələrin zəngin tarixi ənənələrə malik olduğunu göstərir.

Müsahibədə Azərbaycan ilə Vyetnam arasında mədəni əlaqələrin tarixinə də xüsusi diqqət yetirilməsi əlamətdardır. Qara Qarayevin yaradıcılığından Əjdər İbrahimovun Vyetnam kinosunun inkişafına verdiyi töhfələrə qədər uzanan bu əlaqələr xalqlarımızın mədəni yaxınlığının ifadəsidir.

Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Bu münasibətlər qarşılıqlı maraqlara, iqtisadi imkanlara və beynəlxalq əməkdaşlıqda ortaq yanaşmalara əsaslanır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə