“İdeoloji işi gücləndirmədən qələbəni əbədiləşdirmək mümkün deyil“ -CEYHUN MƏMMƏDOV
İdeoloji işi gücləndirmədən qələbəni əbədiləşdirmək mümkün deyil.
SİA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, müasir dünya getdikcə daha mürəkkəb və təlatümlü mərhələyə daxil olur, müharibə və münaqişələrin sayı artır. Onun sözlərinə görə, elmi-texniki tərəqqiyə baxmayaraq, insanlıq mənəvi inkişaf əvəzinə tənəzzül prosesi ilə üzləşir. Müasir dövrdə müharibələr artıq yalnız sərhədlərdə deyil, insanların düşüncələrində də aparılır.
Ceyhun Məmmədov qeyd edib ki, sosial media platformaları getdikcə öz həqiqi mahiyyətindən uzaqlaşaraq təhqir, söyüş və manipulyasiya vasitəsinə çevrilir. Bu platformalar vasitəsilə insanların düşüncələrinə mənfi təsir göstərilməsi, ictimai rəyin manipulyasiyası və vətəndaşların öz dövlətinə qarşı yönəldilməsi cəhdləri ciddi narahatlıq doğurur.
Deputatın fikrincə, mövcud vəziyyət sosial media sahəsinin tənzimlənməsini və bu istiqamətdə daha ciddi addımların atılmasını zəruri edir. O vurğulayıb ki, qarşıdakı təhlükələrin qarşısının alınması üçün ölkədə ideoloji iş daha da gücləndirilməlidir.
Ceyhun Məmmədov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII qurultayında ideoloji işin vacibliyinə xüsusi diqqət çəkib. Dövlət başçısının müvafiq tapşırıqları əsasında son dövrlərdə bu sahədə mühüm tədbirlər həyata keçirilir. Buraya yeni tarixi filmlərin çəkilməsi, tamaşaların hazırlanması və əsərlərin yazılması da daxildir.
Deputat bildirib ki, ideoloji işi gücləndirmədən qələbəni əbədiləşdirmək və ictimai şüuru düzgün istiqamətləndirmək mümkün deyil. Xüsusilə Vətən müharibəsində qazanılmış Zəfərin əhəmiyyətinin ictimai şüurda möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var.
O əlavə edib ki, bu sahədə müəyyən işlər görülsə də, narahatedici proseslərin qarşısının alınması üçün əlavə tədbirlərin görülməsi vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB