“Naxçıvana ayrılan dotasiyanın azaldılması məsələsinə yenidən baxılmalıdır“ -FAZİL MUSTAFA
Naxçıvana ayrılan dotasiyanın azaldılması məsələsinə yenidən baxılmalıdır.
SİA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, TRIPP layihəsi çərçivəsində həllini gözləyən əsas məsələlərdən biri Naxçıvanın nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasıdır. Onun sözlərinə görə, hazırda bu marşrutun olmaması, eləcə də İran üzərindən daşımaların sabitliyinin arzuolunan səviyyədə olmaması muxtar respublikanın iqtisadi və sosial inkişafına təsir göstərir.
Fazil Mustafa qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsində Naxçıvana 198 milyon manat dotasiya nəzərdə tutulub ki, bu da əvvəlki illə müqayisədə 6,4 faiz azdır. Deputat hesab edir ki, mövcud vəziyyət nəzərə alınaraq bu qərara yenidən baxılmalıdır.
O bildirib ki, Naxçıvanda iqtisadi canlanma və islahatların həyata keçirilməsi istiqamətində ciddi təşəbbüslər olsa da, bütün məsələlər nəqliyyat yolunun açılmasına gəlib çıxır. Yol problemi həll edilmədən iri layihələrin arzu olunan səviyyədə reallaşdırılması çətinləşir.
Deputat, həmçinin muxtar respublikada işsizlik və sosial problemlərin mövcudluğuna diqqət çəkib. Onun sözlərinə görə, səhiyyə sahəsində kadr çatışmazlığı və müalicə üçün Bakıya gəlmək zərurəti sakinlər üçün əlavə çətinliklər yaradır. Xüsusilə ağır xəstəliyi olan şəxslərin özləri və onları müşayiət edən yaxınlarının yol və yaşayış xərclərini qarşılamaq imkanları məhdud olur.
Fazil Mustafa vurğulayıb ki, nəqliyyat əlaqələri tam yaxşılaşana qədər Naxçıvana ayrılan dotasiyanın azaldılması əvəzinə, artırılması imkanları nəzərdən keçirilməlidir.
Deputat təklif edib ki, xəstəliyi olan Naxçıvan sakinlərinin müalicə məqsədilə Bakıya bir dəfə ödənişsiz gəlib-getməsi üçün xüsusi mexanizm yaradılmalı, eyni zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əlavə dəstək tədbirləri həyata keçirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB