"Azərbaycan qadınları milli oyanış və hüquq mübarizəsində mühüm rol oynayıb" - Gündüz İsmayılov

"Azərbaycan qadınları milli oyanış və hüquq mübarizəsində mühüm rol oynayıb" - Gündüz İsmayılov

XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan qadınları maarifçilik, milli oyanış və dövlət quruculuğu proseslərində mühüm rol oynamaqla yanaşı, öz hüquqları uğrunda da mübarizə aparıblar.

SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən “Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü” adlı panel sessiyasında deyib.

O bildirib ki, XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan tarixində xüsusi mərhələ təşkil edir. Həmin dövrdə əvvəlcə maarifçilik hərəkatı genişlənib, daha sonra milli şüurun formalaşması və özünüdərk prosesi güclənib, sonda isə Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb.

Gündüz İsmayılov qeyd edib ki, cəmi 40 il ərzində Azərbaycan xalqı maariflənmə və milli oyanışın nəticəsi olaraq müstəqil dövlət qurmağa nail olub. Bu proseslərdə Azərbaycanın görkəmli ziyalıları ilə yanaşı, qadınların da böyük xidmətləri olub.

Onun sözlərinə görə, Azərbaycan qadınları maariflənmə, milli oyanış və dövlət quruculuğu proseslərində iştirak etməklə yanaşı, öz hüquqları uğrunda da mübarizə aparıblar. Bu baxımdan həmin dövrün qadınları üzərlərinə əlavə bir mübarizə yükü götürüblər.

Komitə sədrinin müavini bu fədakarlığın önündə gələn qadınlardan biri kimi Hənifə xanım Məlikovanın adını çəkib. O, Hənifə Məlikova ilə yanaşı, Badisəba Köçərli və Məryəm Bayraməlibəyovanın da Azərbaycan qadınlarının müxtəlif nəsillərini təmsil etdiyini vurğulayıb.

Gündüz İsmayılov Hənifə xanım Məlikovanın maarifçilik fəaliyyətinə toxunaraq onun qızlar məktəbinin yaradılmasındakı rolunu xüsusi qeyd edib. Çıxışı zamanı o, Hənifə xanımın qızı Pəricahan xanımın 1893-cü il dekabrın 31-də Tiflisdə Əlimərdan bəy Topçubaşovla nikah bağlamasından sonra anasına yazdığı məktubdan da bir parçanı diqqətə çatdırıb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə