“Abşeron yatağının tammiqyaslı işlənməsi qaz hasilatını 6 milyard kubmetrə çatdıracaq“ -SADİQ QURBANOV

“Abşeron yatağının tammiqyaslı işlənməsi qaz hasilatını 6 milyard kubmetrə çatdıracaq“ -SADİQ QURBANOV

Abşeron yatağının tammiqyaslı işlənməsi qaz hasilatını 6 milyard kubmetrə çatdıracaq.

SİA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş Azərbaycanın enerji strategiyasının davamlılığı və beynəlxalq enerji bazarındakı mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Abşeron yatağı üzrə ilkin Hasilatın Pay Bölgüsü Sazişi 2009-cu ildə imzalanıb və sənəd əsasında yataqda kəşfiyyat işləri aparılıb. Kəşfiyyatın uğurla başa çatmasından sonra 2017-ci ildə yatağın işlənməsi və hasilat proqramı qəbul edilib. İlkin hasilat sxemi üzrə bir quyu isə 3 iyul 2023-cü ildə hasilata başlayıb və həmin quyudan illik 1,5 milyard kubmetr qaz əldə olunur.

Sadiq Qurbanov qeyd edib ki, hazırda layihədə SOCAR Absheron, Fransanın TotalEnergies şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkətinin XRG strukturu podratçı tərəflər kimi iştirak edir.

Deputat diqqətə çatdırıb ki, Abşeron yatağının resurslarından maksimum istifadəni və qaz hasilatının artırılmasını təmin etmək məqsədilə Tammiqyaslı İşlənmə Layihəsi üzrə Yekun İnvestisiya Qərarı 25 sentyabr 2026-cı ildə qəbul edilib. Bu qərar çərçivəsində SOCAR və podratçı tərəflər arasında dəyişdirilmiş və yeni redaksiyada hazırlanmış Hasilatın Pay Bölgüsü Sazişi də imzalanıb.

O bildirib ki, dəyişikliklərin əsas mahiyyəti yatağın işlənməsi və hasilatı müddətinin 30 ildən 40 ilədək uzadılmasıdır. Bu, yeni quyuların, xüsusilə dördüncü quyunun layihəyə daxil edilməsi və əlavə investisiyaların iqtisadi səmərəliliyinin təmin olunması ilə bağlıdır. Gözləntilərə əsasən, yatağın tammiqyaslı işlənməsi nəticəsində ümumi qaz hasilatı illik 6 milyard kubmetrə çatdırılacaq, ilk qazın isə 2029-cu ildə əldə olunması planlaşdırılır.

Komitə sədri vurğulayıb ki, hasil ediləcək qaz həm daxili tələbatın ödənilməsində, həm də Azərbaycanın qaz ixracı həcmlərinin qorunub saxlanılması və artırılmasında mühüm rol oynayacaq. Onun fikrincə, layihə ölkənin enerji potensialının yeni investisiyalar və müasir texnologiyalar hesabına genişləndirilməsinin, eləcə də investorların Azərbaycanın neft-qaz sektoruna və mövcud investisiya rejiminə etimadının göstəricisidir.

Sadiq Qurbanovun sözlərinə görə, Abşeron yatağının tammiqyaslı işlənməsinə milyardlarla dollar investisiya yatırılması son illərdə enerji sektorunda həyata keçirilən ən böyük layihələrdən biri olmaqla, yerli iqtisadi fəallığın artmasına da töhfə verəcək.

Deputat Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyinə də toxunaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin əsas istiqamətlərindən biri ölkəmizin etibarlı enerji təchizatçısı kimi mövqeyinin möhkəmləndirilməsi və Avropanın enerji təhlükəsizliyinə töhfəsinin artırılmasıdır.

O qeyd edib ki, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib, 25,2 milyard kubmetr qaz satılıb. Satışın 12,8 milyard kubmetri Avropa bazarlarının payına düşüb. Həmin il Türkiyəyə qaz ixracı isə təxminən 9,6 milyard kubmetr təşkil edib.

Sadiq Qurbanov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev 2026-cı il noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısında çıxışı zamanı Azərbaycanın Avropa İttifaqına qaz təchizatını 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdırdığını bildirib. Hazırda Azərbaycan Avropa İttifaqının 10 üzv dövlətini qazla təmin edir.

Deputatın sözlərinə görə, mövcud boru kəmərlərinin ötürmə imkanlarının yüksək həddə çatması əlavə təchizat üçün infrastrukturun genişləndirilməsini zəruri edir. Bu baxımdan Abşeron yatağının tammiqyaslı işlənməsi həm ölkənin daxili qaz tələbatının ödənilməsi, həm də Türkiyəyə və potensial olaraq Avropaya əlavə qaz ixracı imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.

O əlavə edib ki, Sazişdə hasil olunan qaz və kondensatın nəqli üçün zəruri infrastrukturun yaradılması, bu məqsədlə çəkilən xərclərin isə müqavilə şərtlərinə uyğun olaraq neft-qaz əməliyyatları məsrəflərinə aid edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində qazın Səngəçal Baş Qurğularında daxili qaz infrastrukturu şəbəkəsinə və Cənubi Qafqaz Boru Kəmərinə, kondensatın isə Səngəçal Terminalına qoşulması gözlənilir.

Komitə sədri Azərbaycanın enerji siyasətində bərpaolunan enerji mənbələrinin inkişafının da prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, ənənəvi enerji resurslarının inkişafı ilə yaşıl enerji imkanlarının genişləndirilməsinin paralel aparılması ölkəmizin gələcəkdə Avropaya həm təbii qaz, həm də yaşıl enerji ixrac edən mühüm tərəfdaş kimi mövqeyini gücləndirə bilər.

Sadiq Qurbanov yekunda qeyd edib ki, Abşeron Sazişinin əhəmiyyəti yalnız əlavə qaz hasilatı ilə məhdudlaşmır. Sənəd yeni investisiyaların cəlb edilməsi, yatağın uzunmüddətli potensialının reallaşdırılması və Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Deputat bu əsaslarla Sazişin təsdiq edilməsini dəstəklədiyini bildirib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə