"Azərbaycan qanunvericiliyində heç kim nikahda məcburən saxlanılmır. Nikah könüllü ittifaqdır və ər-arvad hüquq baxımından bərabərdir. Buna görə də qanun boşanmanı ümumiyyətlə qadağan etmir. O, yalnız müəyyən müddət ərzində bir tərəfin boşanma tələbi ilə müraciət etmək hüququnu məhdudlaşdırır".
Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, bu sahədə yeganə birbaşa məhdudiyyət Ailə Məcəlləsinin 15-ci maddəsində nəzərdə tutulub. Belə ki, arvad hamilə olduğu müddətdə və uşaq doğulduqdan sonra bir il ərzində ər arvadın razılığı olmadan nikahın pozulması barədə iddia qaldıra bilməz:
"Bu məhdudiyyət yalnız ərə aiddir. Hamilə qadın və ya yeni doğmuş ana özü istənilən vaxt boşanma tələbi ilə müraciət edə bilər. Qadın razılıq verdiyi halda isə məhdudiyyət aradan qalxır və işə adi qaydada baxılır. Bu, boşanmaya qadağa deyil, müraciət hüququnun müəyyən müddətə məhdudlaşdırılmasıdır. Uşağın bir yaşı tamam olduqdan sonra ər ümumi qaydada iddia qaldıra bilər.
Bu müddət ərzində arvadın razılığı olmadan verilmiş iddia ərizəsinin icraata qəbulundan imtina edilir. Qanunverici bu məhdudiyyəti ana və uşağın mənafelərinin hərtərəfli müdafiəsi məqsədilə müəyyən edib. Konstitusiyanın 34-cü maddəsinə görə, ailə, analıq və uşaqlıq dövlətin xüsusi himayəsi altındadır.
Qeyd olunmalıdır ki, hamiləlik və doğuşdan sonrakı ilk il qadının sağlamlıq, maddi və emosional baxımdan ən həssas dövrüdür. Bu müddətdə boşanma prosesi ana və körpə üçün ciddi zərər riski yarada bilər.
Azərbaycan qanunu heç kimi nikahda zorla saxlamır. Yeganə istisna Ailə Məcəlləsinin 15-ci maddəsidir: arvad hamilə olduğu müddətdə və uşaq doğulduqdan sonra bir il ərzində ər onun razılığı olmadan boşanma iddiası qaldıra bilməz. Bu, kişiyə qarşı ayrı-seçkilik deyil, ana və körpənin ən həssas dövrdə qorunmasına yönəlmiş müvəqqəti təminatdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB