“İran ətrafında qeyri-sabitlik Cənubi Qafqazın təhlükəsizlik mühitinə sınaq yarada bilər” -ŞƏRH
“ABŞ–İran münasibətlərindəki gərginlik, hərbi qarşıdurma, diplomatik təmaslar və sanksiya təzyiqlərinin növbələşməsi Yaxın Şərqlə yanaşı, Cənubi Qafqazın təhlükəsizlik mühitinə də birbaşa təsir göstərir”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.
Onun sözlərinə görə, fevral ayında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması, sonrakı aylarda atəşkəs cəhdlərinin nəticəsiz qalması və noyabrda qarşılıqlı zərbələr və yeni sanksiyalarla müşayiət olunan gərginliyin davam etməsi göstərir ki, tərəflər arasında fundamental fikir ayrılıqları aradan qalxmayıb:
”Dünən ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli şəxslərə və şirkətlərə qarşı yeni sanksiyalar elan etməsi də Vaşinqtonun təzyiq siyasətini davam etdirdiyini göstərir.
Bu qarşıdurmanın Cənubi Qafqaz üçün əsas nəticəsi regionun böyük güclərin geosiyasi rəqabətində daha həssas mövqeyə gəlməsidir. Xüsusilə İranın şimal sərhədləri boyunca formalaşan yeni nəqliyyat və təhlükəsizlik arxitekturası Tehran üçün xüsusi əhəmiyyət daşıyır. TRİPP layihəsi, ABŞ-ın regionda artan iştirakı İranın təhlükəsizlik narahatlıqlarını gücləndirən amillər sırasındadır. Tehran bu prosesləri yalnız iqtisadi və nəqliyyat təşəbbüsləri kimi deyil, potensial geosiyasi təsir vasitələri kimi də qiymətləndirir.
Azərbaycan baxımından əsas risk ölkənin ABŞ–İran və İsrail–İran qarşıdurmasının dolayı təsir dairəsinə düşməsidir. Bakı ilə Tehran arasında son dövrdə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılsa da, qarşılıqlı etimad problemi tam aradan qalxmayıb. Bu şəraitdə Azərbaycanın ərazisinin İrana qarşı hərbi əməliyyatlar üçün istifadə oluna biləcəyi barədə iddialar və qarşılıqlı ittihamlar yeni diplomatik gərginlik yarada bilər. Bununla belə, Azərbaycanın öz ərazisindən qonşu dövlətlərə qarşı hərbi təcavüz üçün istifadəyə yol verməmək mövqeyi regional eskalasiyanın qarşısının alınması baxımından mühüm amildir.
Digər tərəfdən, İran ətrafında hərbi gərginliyin artması Azərbaycanın enerji və nəqliyyat təhlükəsizliyinə də təsir edə bilər. Hörmüz boğazında yaranan risklər dünya enerji bazarlarında qiymət dəyişkənliyini artırmaqla yanaşı, Xəzər regionunun və Orta Dəhlizin strateji əhəmiyyətini yüksəldə bilər. Lakin bu imkanlar logistika xərclərinin, sığorta haqlarının və təhlükəsizlik risklərinin artması ilə müşayiət oluna bilər.
Ümumiyyətlə isə bizim üçün əsas vəzifə ABŞ və İran arasında qarşıdurmanın tərəfinə çevrilmədən milli maraqları qorumaq, Tehranla diplomatik dialoqu davam etdirmək və regional əməkdaşlıq mexanizmlərini gücləndirməkdir. Çünki İran ətrafında uzunmüddətli qeyri-sabitlik Azərbaycanın yalnız cənub sərhədləri üçün deyil, bütövlükdə Cənubi Qafqazda formalaşmaqda olan yeni təhlükəsizlik və iqtisadi əməkdaşlıq mühiti üçün ciddi sınaq yarada bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB