“Abşeron” dəniz bloku üzrə hasilatın pay bölgüsü sazişinin yeni redaksiyada təsdiqi Azərbaycanın müstəqil neft-qaz siyasətində növbəti mühüm addımdır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rolunu davam etdirir. SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, 2009-cu ildə imzalanmış ilkin sazişin yenilənməsi, SOCAR, Fransanın “TotalEnergies” və Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkətinin iştirakı ilə yeni investisiya mərhələsinə keçid Azərbaycan iqtisadiyyatına beynəlxalq etimadın göstəricisidir. Layihədə SOCAR və “TotalEnergies”in hər birinin 35, ADNOC-un isə 30 faiz paya malik olduğunu bildirən deputat saziş çərçivəsində əvvəlki hökumət təminatlarının qüvvədə saxlanıldığını, 12 əlavənin təsdiqləndiyini, investorların hüquqlarının və müqavilə sabitliyinin qorunduğunu vurğulayıb.
Onun sözlərinə görə, layihənin əsas məqsədi hasilatın artırılması ilə yanaşı, dövlətin uzunmüddətli iqtisadi maraqlarının təmin edilməsidir. 2023-cü ildə “Abşeron” yatağında başlanan ilkin hasilatın illik gücü 1,5 milyard kubmetrdir. Tammiqyaslı işlənmədən sonra bu göstəricinin 6 milyard kubmetrə çatdırılması, yeni mərhələnin isə 2029-cu ildə işə salınması nəzərdə tutulur.
Deputat hesab edir ki, yeni saziş maliyyə gəlirlərinin artırılmasına, daxili qaz təminatının gücləndirilməsinə və Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının genişlənməsinə xidmət edəcək.
Zahid Oruc bununla yanaşı, Xəzərin gələcəyi və bioresurslarının qorunması məsələsinin də parlamentdə müzakirə olunmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, noyabrın 16-da Prezident İlham Əliyevin Xəzərin Azərbaycan sektorunun sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi haqqında imzaladığı Fərman strateji əhəmiyyət daşıyır. Sənədə həsr olunan brifinq isə Xəzərin səviyyəsinin azalması probleminə dövlət səviyyəsində diqqət yetirildiyini göstərir.
Komitə sədri vurğulayıb ki, Azərbaycanın müstəqillikdən sonra ən böyük iqtisadi nailiyyətlərindən biri Xəzərin sərvətləri üzərində suveren qərarvermə hüququnu reallaşdırmasıdır. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft-qaz ehtiyatlarının ölkənin milli maraqları çərçivəsində istifadəsinə, iqtisadi müstəqilliyinin möhkəmlənməsinə mühüm töhfə verib.
Deputat qeyd edib ki, bu gün Xəzərin özünün qorunmasına ehtiyac var. Coğrafiya İnstitutunun məlumatlarına istinad edən Zahid Oruc bildirib ki, Astaradan Göyşabana qədər sahil xəttinin geriləməsi 40-50 metrdən 200-300 metrədək dəyişir, ən güclü çəkilmə isə Qızılağac körfəzində qeydə alınır və ildə orta hesabla 250-300 metr təşkil edir.
O, Prezident İlham Əliyevin Xəzər Ekoloji Sammitində dənizin su səthinin 20 min kvadrat kilometrdən çox azaldığını, yalnız Azərbaycanın sektorunda isə 300 kvadrat kilometrə yaxın yeni quru sahənin yarandığını bəyan etdiyini xatırladıb.
Zahid Oruc bildirib ki, dəniz suyunun çəkilməsi nəticəsində yaranan yeni ərazilərin hüquqi statusu, rəqəmsal xəritələşdirilməsi və dövlət nəzarəti vahid qaydada tənzimlənməlidir. Onun sözlərinə görə, suyun səviyyəsinin azalması limanlarda dərinliyin azalmasına, gəmiçiliyin çətinləşməsinə səbəb olur. Eyni zamanda, sahillərdə antisanitar vəziyyətin aradan qaldırılması və balıq ehtiyatlarının qorunması üçün xüsusi dövlət tədbirlərinə ehtiyac var.
Deputat Abşeron və digər sahilboyu ərazilərdə uzun illər ərzində yaranmış torpaq problemlərinə də toxunub. O vurğulayıb ki, dənizin çəkilməsi nəticəsində yaranan yeni ərazilərin şəxsi maraqlar naminə mənimsənilməsi gələcək nəsillərin sərvətlərinin təhlükə altına düşməsi deməkdir. Buna görə də həmin sahələrin istifadəsi ilə bağlı qərarlar qəbul edilməzdən əvvəl onların ekoloji təhlükəsizliyi müəyyənləşdirilməlidir.
Komitə sədri Xəzərin səviyyəsinin azalmasında təbii proseslərin və sahilyanı dövlətlərin fəaliyyətinin rolunun birgə araşdırılmasının vacibliyini də qeyd edib. Bildirib ki, Azərbaycan ərazilərinin itirilməsinə razı olmadığı kimi, Xəzər sahillərinin nəzarətsiz qalmasına və təbii mühitin tədricən məhv olmasına da yol verməməlidir.
Zahid Oruc çıxışında Azərbaycanın torpaqlarının azad edilməsi üçün 30 il ərzində siyasi, hərbi və iqtisadi qüdrətini səfərbər etdiyini xatırladaraq, eyni dövlətçilik iradəsinin indi Xəzərin qorunmasında da nümayiş etdirilməli olduğunu vurğulayıb. O, Xəzərin suyunun azalması ilə Azərbaycan torpaqlarının işğalını eyniləşdirmədiyini xüsusi qeyd edib və dövlətin öz ərazisinə, təbii sərvətlərinə, gələcək nəsillərin hüquqlarına sahib çıxmasının mühüm vəzifə olduğunu bildirib.
Deputat çıxışının sonunda Xəzərin yalnız neft və qaz hasilatı baxımından deyil, həm də Azərbaycanın iqtisadi müstəqilliyi və milli təhlükəsizliyi baxımından əhəmiyyət daşıdığını vurğulayıb: “Qarabağda torpaqlarımızın bütövlüyünü bərpa etdiyimiz kimi, Xəzərdə də təbiətimizi və milli sərvətlərimizi qorumalıyıq. Çünki Xəzərin milli bölməsi Vətənimizin ayrılmaz parçasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB