“Maraqlar toqquşmasının qarşısının alınması sağlam rəqabət mühitini gücləndirəcək“ -AZƏR ƏMİRASLANOV

“Maraqlar toqquşmasının qarşısının alınması sağlam rəqabət mühitini gücləndirəcək“ -AZƏR ƏMİRASLANOV

Maraqlar toqquşmasının qarşısının alınması sağlam rəqabət mühitini gücləndirəcək.

SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, təqdim olunan qanun layihəsi Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, layihə ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyi müsbətdir və sənədin iqtisadi siyasətlə əlaqəli müddəaları xüsusi diqqətə layiqdir.

Azər Əmiraslanov qeyd edib ki, dünya təcrübəsi korrupsiya hüquqpozmalarına qarşı mübarizənin yalnız institusional islahatlarla tamamlandığı halda səmərəli nəticə verdiyini göstərir. Əks halda, mübarizə korrupsiyanın səbəblərini deyil, yalnız nəticələrini əhatə edən fraqmentar xarakter daşıya bilər.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə son illərdə qanunvericilik bazasını, idarəetmə sistemini, inzibati prosedurları, tənzimləmə rejimini və şəffaflıq mexanizmlərini əhatə edən institusional xarakter alıb. Onun fikrincə, təqdim olunan qanun layihəsi də preventiv, yəni qabaqlayıcı mahiyyət daşımaqla korrupsiyaya qarşı sistemli mübarizə üçün ciddi əsaslar yaradır.

Deputat bildirib ki, korrupsiya dövlət idarəçiliyi və cəmiyyətlə yanaşı, iqtisadiyyat üçün də ciddi fəsadlar doğurur. Bu fəsadların başlıcası resursların səmərəsiz bölüşdürülməsinə və istifadəsinə şərait yaradılmasıdır. Onun sözlərinə görə, maraqlar toqquşması daha çox iqtisadi müstəvidə özünü büruzə verir.

Azər Əmiraslanov maraqlar toqquşmasının iqtisadi mahiyyətini izah edərək bildirib ki, dövlət qərarlarının ictimai mənafe və iqtisadi səmərəlilik əsasında qəbul edilməsində maraqlıdır. Lakin vəzifəli şəxsin şəxsi marağı qərarın obyektivliyinə təsir göstərirsə və ya belə bir risk yaradırsa, maraqlar toqquşması meydana çıxır.

O qeyd edib ki, maraqlar toqquşmasının qarşısı alınmadıqda risk və itkilərlə üzləşən tərəf dövlət olur. Bu baxımdan korrupsiyaya qarşı mübarizənin maraqlar toqquşmasının qarşısının alınması istiqamətində aparılması iqtisadi idarəetmənin keyfiyyətinin yüksəldilməsi üçün də vacibdir.

Komitə sədri antikorrupsiya siyasəti ilə fiskal siyasətin əsas kəsişmə nöqtəsinin büdcə vəsaitlərindən səmərəli istifadə olduğunu diqqətə çatdırıb. Bildirib ki, büdcə siyasətinin effektivliyi yalnız vəsaitlərin düzgün planlaşdırılmasından deyil, onların bölüşdürülməsi və istifadəsi zamanı qərarların obyektiv meyarlara əsaslanmasından da asılıdır.

Deputatın sözlərinə görə, qanun layihəsində müqavilələrin bağlanması, qərarların qəbul edilməsi, dövlət əmlakından istifadə və xüsusilə dövlət satınalmalarında birbaşa və dolayı iştirakla bağlı mühüm məhdudiyyətlər nəzərdə tutulur. Bu müddəalar dövlət resurslarının bölüşdürülməsi zamanı şəxsi maraqların qərarvermə prosesinə təsirini məhdudlaşdırmağa yönəlib.

Azər Əmiraslanov əlavə edib ki, layihənin məqsədləri rəqabət siyasətinin prinsipləri ilə də uzlaşır. Belə ki, bazar iqtisadiyyatında bütün sahibkarlıq subyektləri üçün bərabər imkanların təmin edilməsi əsas şərtlərdəndir. İqtisadi üstünlüklərin məhsuldarlıq və rəqabət qabiliyyəti əvəzinə inzibati əlaqələr və şəxsi maraqlar əsasında formalaşması sağlam rəqabətə mane olur. Qanun layihəsində nəzərdə tutulan məhdudiyyətlər isə bu risklərin azaldılmasına və bərabər biznes mühitinin yaradılmasına xidmət edir.

Deputat vurğulayıb ki, maraqlar toqquşmasının qarşısının alınması əlverişli investisiya mühitinin formalaşmasına da töhfə verəcək. Onun sözlərinə görə, investorlar üçün yalnız iqtisadi stimullar və vergi güzəştləri deyil, qərarların şəffaflığı, hüquqi müəyyənlik, bərabər münasibət və inzibati prosedurların qərəzsizliyi də mühüm əhəmiyyət daşıyır. Bu amillər dövlət institutlarına etimadı gücləndirir.

Azər Əmiraslanov ümidvar olduğunu bildirib ki, qanun layihəsinin qəbul edilməsi vəzifəsindən və statusundan asılı olmayaraq hər bir vətəndaşda və vəzifəli şəxsdə hüquqi və mənəvi məsuliyyət formalaşdıracaq. O qeyd edib ki, haqsız rəqabətə şərait yaradan şəxslərin sağlam rəqabətdən, investorlara və sahibkarlara qarşı ayrı-seçkiliyə yol verənlərin əlverişli biznes mühitindən, şəxsi marağı olanların isə şəffaf satınalmalardan danışması mənəvi baxımdan ziddiyyətlidir.

Komitə sədri yekunda bildirib ki, maraqlar toqquşmasının qarşısının alınması yalnız korrupsiyaya qarşı mübarizənin hüquqi vasitəsi deyil, həm də dövlət resurslarının səmərəli idarə olunmasının, sağlam rəqabət mühitinin və keyfiyyətli iqtisadi idarəetmənin mühüm institusional təminatıdır.

O, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi adından qanun layihəsini dəstəklədiklərini, onun birinci oxunuşda müzakirəsini və qəbul edilməsini məqsədəuyğun hesab etdiklərini bildirib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə