Bir zamanlar uşaqlığın ən gözəl anlarından biri gecə yatmazdan əvvəl eşidilən nağıllar idi. Nənələrin həzin səsi, anaların yorğunluğa baxmayaraq açdığı nağıl kitabları, balaca uşaqların gözlərində canlanan sehrli dünyalar... Kimi divin, kimi şahzadənin, kimi də xeyirlə şərin mübarizəsinin qəhrəmanı olurdu. Uşaqlar nağılları dinləyə-dinləyə xəyal qurur, bəzən qəhrəmanlarla birlikdə uzaq diyarlara səyahət edir, bəzən də eşitdikləri hekayələrin təsiri altında yuxuya gedirdilər. O nağıllar sadəcə yatmazdan əvvəl danışılan hekayələr deyildi. Onlar uşaqların yaddaşına, düşüncəsinə, mənəvi dünyasına hopan ilk həyat dərsləri idi.
Bəs indi necə? Bu gün neçə ailədə ana övladının yatağının kənarında əyləşib ona nağıl danışır? Neçə uşaq nənəsinin səsini dinləyərək yuxuya gedir? Təəssüf ki, mənzərə getdikcə dəyişir. Nağıl kitablarının yerini smartfonlar, nənələrin hekayələrinin yerini qısa videolar, anaların səmimi söhbətlərinin yerini isə ekranlardan gələn səslər alır. Bəzən valideynlər uşağın sakitləşməsi, ağlamaması və ya öz işlərini rahat görə bilmələri üçün telefonun ekranını ona uzadırlar. Uşaq da bir videodan digərinə keçir, rəngarəng görüntülərə baxır və nəhayət, telefon əlində yuxuya gedir. Beləcə, bir vaxtlar ailə daxilində qurulan mənəvi ünsiyyətin yerini texnologiya tutur. Əslində, burada məsələ yalnız nağıl danışılmaması deyil. Nağıl uşağın təxəyyülünü inkişaf etdirir, onu düşünməyə, hadisələr arasında əlaqə qurmağa, obrazları öz xəyalında canlandırmağa sövq edir. Nağıllar vasitəsilə uşaq yaxşı ilə pisi, mərhəmətlə qəddarlığı, dürüstlüklə yalanı fərqləndirməyi öyrənir. O, qəhrəmanların yaşadıqları çətinliklərdən nəticə çıxarır, başqalarının hisslərini anlamağa başlayır. Ən əsası isə nağıl uşağa hər şeyin yalnız ekranda gördüyü kimi olmadığını, xəyal etməyin, düşünməyin və yaratmağın da gözəlliyini öyrədir. Bütün bunların uşağın mənəvi və emosional inkişafında özünəməxsus yeri var.
Digər tərəfdən, nağıl saatları valideynlə övlad arasında görünməz, amma çox möhkəm bir bağ yaradır. Gün ərzində işin, məişət qayğılarının, telefon zənglərinin və müxtəlif problemlərin içində olan valideyn üçün övladına ayırdığı həmin 10-15 dəqiqə bəlkə də adi görünə bilər. Amma uşaq üçün bu, diqqət, sevgi və təhlükəsizlik hissidir. Anasının səsini eşitmək, atasının ona kitab oxuması, nənəsinin uşaqlıq xatirələrindən danışması balacanın yaddaşında illərlə yaşayacaq anlara çevrilir. Uşaqlar böyüdükdən sonra bahalı oyuncaqları, alınan telefonları deyil, çox vaxt onlara sevgi ilə nağıl danışan insanları və həmin axşamları xatırlayırlar. Əlbəttə, müasir texnologiyanı uşaqların həyatından tamamilə çıxarmaq mümkün deyil və buna ehtiyac da yoxdur. Problem texnologiyanın mövcudluğunda deyil, onun uşağın həyatında tutduğu yerdədir. Davamlı olaraq sürətli görüntülərə, yüksək səslərə və bir-birini əvəz edən videolara məruz qalmaq uşağın diqqətini, yuxu rejimini və gündəlik vərdişlərini mənfi istiqamətdə təsirləndirə bilər. Xüsusilə yatmazdan əvvəl ekran istifadəsi yuxuya getmə prosesini çətinləşdirə bilər. Halbuki uşağın yuxudan əvvəl sakitləşməyə, valideynlə ünsiyyətə və emosional rahatlığa ehtiyacı var. Telefon uşağı bir müddət susdura bilər, amma onunla söhbət etməyin, ona kitab oxumağın və sevgi göstərməyin yerini verə bilməz.
Burada valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Bəzən uşaqların telefona aludə olmasından şikayət edən böyüklərin özləri də günün böyük hissəsini telefon ekranında keçirirlər. Uşaq gördüyünü təkrarlayır, eşitdiyini mənimsəyir, böyüklərin davranışını özünə nümunə götürür. Ona görə də uşağa kitab oxumağı tövsiyə etməklə kifayətlənmək olmaz, ilk növbədə, ailədə oxu mədəniyyəti formalaşdırılmalıdır. Evdə kitab rəfi, birlikdə oxunan nağıllar, yatmazdan əvvəl ayrılan kiçik bir zaman... Bunlar bəlkə də çox sadə görünür, amma uşağın gələcək dünyagörüşünün formalaşmasında böyük rol oynaya bilər. Hər axşam bir nağıl danışmaq üçün nə böyük maddi imkan, nə də xüsusi şərait lazımdır. Sadəcə bir az vaxt və səmimi diqqət kifayətdir. Bəlkə də artıq özümüzə bir sual verməyin vaxtıdır: Biz uşaqlarımıza gələcəyin texnologiyasını öyrədərkən onların uşaqlığını əllərindən almırıq ki? Axı uşaqlıq bir dəfə yaşanır. O illər geri qayıtmır. Bir gün həmin balacalar böyüyəcək, öz övladları olacaq. Onlara danışmağa hansı nağılları xatırlayacaqlar? Hansı qəhrəmanlardan, hansı sehrli dünyalardan bəhs edəcəklər? Yoxsa uşaqlıqlarından yaddaşlarında yalnız telefon ekranından izlədikləri videolar qalacaq? Nağıllar bəlkə də köhnəlməyib, sadəcə biz onları danışmağa vaxt ayırmırıq. Gəlin, uşaqlarımızı hər gecə telefonun işığı ilə deyil, bir nağılın sehrli dünyası ilə yuxuya yola salaq. Çünki uşağın yaddaşında ən gözəl izlərdən biri ona sevgi ilə danışılan nağılın izidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB