"Qadın və kişi münasibətlərinə dini baxışa cəmiyyətin sosial strukturu təsir göstərir" - Aqil Şirinov
Eyni dini və məzhəbi bölüşən cəmiyyətlərdə qadın və kişi münasibətlərinə, eləcə də qadının ailədəki roluna fərqli yanaşmalar mövcuddur. Bu fərqlər dini mətnlərlə yanaşı, cəmiyyətin sosial quruluşu və ənənələri ilə də bağlıdır.
SİA xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” adlı panel sessiyasında deyib.
O bildirib ki, gender münasibətlərinin formalaşmasında cəmiyyətin təsiri xüsusi əhəmiyyət daşıyır. İlahiyyatçı dinlərin kişi və qadın münasibətlərinə, ailə institutuna baxışını araşdırarkən eyni dini ənənə daxilində belə müxtəlif yanaşmaların mövcud olduğunu vurğulayıb.
Aqil Şirinov qeyd edib ki, məsələn, ortodoks və reformist yəhudilikdə qadın-kişi münasibətlərinə baxış fərqlidir. Eyni zamanda, xristianlıqda orta əsrlər katolikliyi ilə müasir katolikliyin qadınların cəmiyyətdəki roluna münasibəti də eyni deyil. Bu fərqlər dini baxışların zaman və cəmiyyətin dəyişməsi ilə fərqli şəkildə təzahür etdiyini göstərir.
İnstitutun rektoru müqəddəs mətnlərdə əks olunan dinlə gündəlik həyatda tətbiq edilən dini yanaşmalar arasında fərq olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, eyni dini mətnə istinad edən insanlar belə həmin mətnləri fərqli şəkildə şərh edə bilirlər. Buna görə də dini mətnlərin kim tərəfindən və hansı ictimai mühitdə izah edilməsi mühüm amildir.
O, fikrini əsaslandırmaq üçün İndoneziyanın Qərbi Sumatra bölgəsində yaşayan Minangkabau xalqını nümunə göstərib. Bildirib ki, həmin xalq müsəlman və Şafii məzhəbinə mənsub olsa da, ailə və gender münasibətlərində qadın mərkəzli ənənələrə malikdir. Bu cəmiyyətdə soyun qadın xətti ilə davam etməsi, mirasın qadınlara ötürülməsi və ailə qurmaq təşəbbüsünün qadından gəlməsi kimi xüsusiyyətlər mövcuddur.
Aqil Şirinov əlavə edib ki, eyni dini və məzhəbi bölüşən Əfqanıstan, Türkiyə və Bosniya cəmiyyətlərində qadın-kişi münasibətlərinə yanaşmalar da bir-birindən fərqlənir. Bu nümunələr dini mənsubiyyətin gender münasibətlərini təkbaşına müəyyən etmədiyini, ictimai quruluşun və ənənələrin də mühüm rol oynadığını göstərir.
O vurğulayıb ki, dini mətnlərdə ifadə olunan prinsiplərlə həmin prinsiplərin real həyatda tətbiqi arasında ciddi fərqlər yarana bilər. Bu baxımdan qadının ailədəki və cəmiyyətdəki rolunu araşdırarkən yalnız dini mənbələri deyil, onların müxtəlif tarixi və sosial şəraitlərdə necə şərh və tətbiq edildiyini də nəzərə almaq lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB