Qoxu və dadbilmə pozulmalarının ən çox rast gəlinən səbəbləri virus infeksiyaları, allergik rinit, xroniki rinosinusit, burun polipləri və burun tutulmasıdır. Bundan başqa, baş travmaları, bəzi dərmanlar, siqaret, ağız quruluğu, diş və diş əti problemləri, yaşla bağlı dəyişikliklər də bu hisslərin zəifləməsinə səbəb ola bilər. Nadir hallarda isə problem sinir sistemi xəstəlikləri ilə əlaqəli olur.
Bu sözləri SİA-ya LOR cərrahı, nevro-otoloq Nigar Muradova deyib.

O bildirib ki, bir çox insan dadbilməsini itirdiyini düşünsə də, əslində problem qoxu duyğusunun azalmasıdır. Qoxu zəiflədikdə qidaların ətri və ləzzəti də tam hiss olunmur:
“Müalicə pozulmanın səbəbinə uyğun aparılır. Allergiya, burun və sinus xəstəlikləri varsa, ilk növbədə həmin problem müalicə edilməlidir. Dərmanla əlaqəli dəyişiklik ehtimalında preparat yalnız həkimlə məsləhətləşdikdən sonra dəyişdirilə bilər. Uzun sürən virus mənşəli qoxu itkisində isə elmi cəhətdən ən çox dəstəklənən üsul qoxu məşqidir. Bu zaman bir neçə fərqli qoxu gündə iki dəfə müntəzəm şəkildə iylənir və məşqlər bir neçə ay davam etdirilir.
Şikayət uzun çəkirsə, getdikcə artırsa və ya baş travmasından sonra başlayıbsa, LOR müayinəsi vacibdir. Müalicə nə qədər erkən səbəbə yönəldilərsə, bərpa ehtimalı da bir o qədər yüksək olar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB