“Azərbaycan Vyetnam üçün Xəzər, Cənubi Qafqaz və Avropa bazarlarına çıxış qovşağıdır” - MİLLƏT VƏKİLİ
“Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər tarixi köklərə, qarşılıqlı hörmətə və beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyə söykənən nümunəvi dövlətlərarası tərəfdaşlıq modelidir”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, 2025-ci ilin mayında münasibətlərin rəsmən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində qəbul edilmiş Birgə Bəyanat və imzalanmış ikitərəfli sənədlər bu əməkdaşlığın hüquqi-normativ bazasını keyfiyyətcə yeni mərhələyə daşımışdır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu sənədlər ikitərəfli münasibətləri ümumi siyasi bəyanatlar müstəvisindən çıxararaq enerji, təhlükəsizlik, müdafiə sənayesi, nəqliyyat-logistika, bərpaolunan enerji və minatəmizləmə kimi strateji sahələri əhatə edən konkret hüquqi öhdəliklər və icra mexanizmləri sisteminə çevirir. Azərbaycanın dünyada artan geosiyasi çəkisi və geoiqtisadi imkanları ikitərəfli münasibətlərin məzmununu müəyyən edən əsas amildir. Məlumdur ki, 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazanılmış tarixi Zəfərdən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratmaqla yanaşı, Avrasiya məkanında əvəzolunmaz nəqliyyat-logistika və enerji mərkəzinə çevrilmişdir. Məhz bu artan güc və beynəlxalq nüfuz sayəsində Azərbaycan bu gün Vyetnam üçün təkcə ənənəvi dost ölkə deyil, həm də Xəzər regionu və Cənubi Qafqaz bazarlarına, eləcə də Şərq-Qərb və Trans-Xəzər Orta Dəhlizi vasitəsilə Avropa bazarlarına çıxış imkanı verən əsas strateji qovşaqdır. Digər tərəfdən, Vyetnamın Cənub-Şərqi Asiyanın ən dinamik inkişaf edən iqtisadiyyatlarından biri olması və ASEAN məkanında tutduğu aparıcı mövqe Azərbaycanın Asiya-Sakit okean regionuna inteqrasiyası və ASEAN ilə institusional əlaqələrinin dərinləşdirilməsi baxımından ölkəmiz üçün mühüm diplomatik və iqtisadi pəncərə açır.
Siyasi-diplomatik müstəvidə tərəflər arasındakı münasibətlər beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən prinsipial həmrəyliklə xarakterizə olunur. Vyetnamın 2020-ci il Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd olan təşəbbüslərin qarşısının alınmasında göstərdiyi ədalətli mövqe iki ölkə arasındakı siyasi etimadın sarsılmaz təməlini təşkil edir. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və AQEM Zirvə Görüşünə ev sahibliyi etməsi ilə qlobal Cənubun lider dövlətlərindən birinə çevrilməsi Bakı ilə Hanoyun beynəlxalq arenadakı koordinasiyasını daha da gücləndirmişdir. Eyni zamanda hər iki ölkənin müharibələrin mirası olan mina problemindən əziyyət çəkməsi fonunda minatəmizləmə sahəsində əməkdaşlığın gündəliyə gətirilməsi humanitar təhlükəsizlik və postmünaqişə bərpası istiqamətində təcrübə mübadiləsi üçün yeni hüquqi və praktiki imkanlar yaradır.
İqtisadi və enerji sahəsində imzalanan sənədlər Azərbaycanın müasir texnoloji və maliyyə potensialının reallaşdırılmasına xidmət edir. Tarixən sovet dövründə azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin qurulmasında oynadığı həlledici rol bu gün SOCAR və "PetroVietnam" arasında müasir bazar prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq müstəvisində davam etdirilir. Azərbaycanın yaşıl enerji keçidi strategiyası, külək və Günəş enerjisi üzrə nəhəng ixrac potensialı Vyetnamın sürətlə böyüyən sənaye iqtisadiyyatının enerji tələbatı ilə uzlaşaraq qarşılıqlı investisiya qoyuluşları üçün münbit zəmin formalaşdırır. Beləliklə, Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət kursu və Azərbaycanın artan milli gücü fonunda əldə olunan bu razılaşmalar ölkəmizin qlobal siyasi təsir dairəsini Cənub-Şərqi Asiya istiqamətində genişləndirir, tranzit və enerji təhlükəsizliyi arxitekturasında Bakının mərkəzi rolunu daha da möhkəmləndirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB