“Dövlətin mənafeləri şəxsi maraqlardan üstün tutulmalıdır“ -ZAHİD ORUC

“Dövlətin mənafeləri şəxsi maraqlardan üstün tutulmalıdır“ -ZAHİD ORUC

“Maraqlar toqquşması haqqında” qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın, məsuliyyətin və peşəkarlığın artırılmasına, vəzifə səlahiyyətləri ilə şəxsi maraqlar arasında hüquqi sərhədlərin müəyyənləşdirilməsinə xidmət edir. Layihə korrupsiyaya qarşı mübarizə və etik davranış sahəsində mövcud müddəaları vahid qanunvericilik aktında sistemləşdirir. Maraqlar toqquşması hüquqi mahiyyətinə görə korrupsiya əməlləri ilə eyni məna daşımır.

SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, vəzifəli şəxsin əmlakının və qanuni iqtisadi maraqlarının olması təbiidir, lakin şəxsi mənafelər dövlət qərarlarına təsir göstərməməlidir. Onun sözlərinə görə, qanun layihəsinin əsas üstünlüyü hüquq pozuntusu baş verməmişdən əvvəl onu yarada biləcək şəraitin aradan qaldırılmasına imkan verməsidir. Konstitusiyanın 55-ci maddəsinə əsasən, dövlət idarəçiliyində iştirak etmək hüququ vətəndaşın siyasi imkanlarından biridir və dövlət vəzifəsi xalqa xidmət məqsədi daşıyır.

Z.Oruc qeyd edib ki, Avropa dövlətləri maraqlar toqquşmasının hüquqi tənzimlənməsi sahəsində uzun illər ərzində mühüm təcrübə qazanıblar. Almaniyada 1976-cı ildə qəbul edilmiş inzibati icraat qanunvericiliyi şəxsi marağı olan vəzifəli şəxslərin qərarvermə prosesindən kənarlaşdırılmasını nəzərdə tutur. Fransada isə 2013-cü ildən yüksək vəzifəli şəxslərin maraq və əmlak bəyannamələrini yoxlayan xüsusi qurum fəaliyyət göstərir. Bununla belə, qanunvericilik mexanizmlərinin mövcudluğu maraqlar konfliktini tamamilə aradan qaldırmayıb.

Deputatın sözlərinə görə, maraqlar toqquşmasının ən ciddi iqtisadi nəticələri dövlət satınalmaları sahəsində meydana çıxır. Dövlət büdcəsi hesabına həyata keçirilən layihələrdə qərar qəbul edən şəxsin tender iştirakçısı ilə gizli iqtisadi əlaqələrinin olması həm büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə, həm də daha münasib qiymət və yüksək keyfiyyət təklif edən sahibkarların rəqabətdən kənarda qalmasına səbəb ola bilər. Bu baxımdan, maraqlar toqquşması azad rəqabətə, milli sahibkarlığa və investisiya mühitinə də mənfi təsir göstərir.

O bildirib ki, torpaq münasibətləri, özəlləşdirmə, güzəştli kreditlər və subsidiyaların bölüşdürülməsi də yüksək riskli sahələr sırasındadır. Məsələn, yeni magistral yolun çəkiləcəyi ərazini əvvəlcədən bilən vəzifəli şəxsin həmin ərazidə yaxınlarının adına torpaq alması dövlət investisiyasından şəxsi qazanc əldə etməsinə şərait yarada bilər. Layihənin xidməti məlumatlardan şəxsi məqsədlərlə istifadəni məhdudlaşdıran 15-ci maddəsi də məhz belə halların qarşısının alınmasına yönəlib.

Z.Oruc diqqətə çatdırıb ki, maraqlar toqquşması yalnız iqtisadi münasibətlərdə deyil, dövlət qulluğuna qəbul, vəzifədə irəli çəkilmə, eləcə də universitetlərdə elmi qrantların bölüşdürülməsi zamanı da yarana bilər. Qərar qəbul edən şəxsin namizədlərdən biri ilə qohumluq münasibətində olması müvafiq prosedurun obyektivliyinə şübhə yaradır.

Deputat vurğulayıb ki, qanun layihəsində real, potensial və təəssürat yaradan maraqlar toqquşması fərqləndirilir. Onun sözlərinə görə, qanunsuz qərar qəbul edilməsə belə, vəzifəli şəxsin qərəzsizliyinə əsaslı şübhənin yaranması qabaqlayıcı tədbirlərin görülməsi üçün kifayət edə bilər. Bununla yanaşı, əsassız ittihamlarla hüquqi cəhətdən əsaslandırılmış şübhələr arasında fərq qorunmalıdır.

O, beynəlxalq təcrübədə “fırlanan qapı” adlandırılan fenomenə də diqqət çəkib. Bildirib ki, dövlət sifarişləri və lisenziyalarla bağlı qərar vermiş vəzifəli şəxsin sonradan həmin şirkətlərin maraqlarını əvvəlki qurumunda təmsil etməsi ciddi risklər yaradır. Layihədə vəzifədən ayrıldıqdan sonra iki il müddətində əvvəl işlədiyi qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmağa məhdudiyyət nəzərdə tutulur.

Z.Oruc qanunun səmərəli tətbiqi üçün bir sıra məsələlərin vacibliyini qeyd edib. Onun fikrincə, ilk növbədə, 2005-ci ildən nəzərdə tutulan maliyyə məlumatlarının bəyan edilməsi mexanizmi tam işlək vəziyyətə gətirilməli, əmlak və şəxsi maraqlarla bağlı məlumatlar qarşılıqlı yoxlanılmalıdır. Eyni zamanda, dövlət satınalmaları, torpaq münasibətləri və lisenziyalaşdırma sahələri üzrə ayrıca risk xəritələri hazırlanmalıdır.

Deputat əlavə edib ki, qanunun icrası ilə bağlı illik ictimai hesabatlar təqdim olunmalı, qanuni məlumat verən şəxslər təzyiqlərdən qorunmalıdır. Altı aylıq keçid dövründə isə dövlət qulluğu, etik davranış və satınalma qanunvericiliyi uyğunlaşdırılmalı, nəzarət və təlim mexanizmləri yaradılmalıdır.

Sonda deputat bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdikdən sonra idarəçilik sistemində ədalətin və qanunun aliliyinin daha güclü təmin olunması istiqamətində addımlar atır. O, dürüst dövlət qulluqçularının hüquqlarının, sosial təminatının və peşəkar yüksəliş imkanlarının qorunmasının vacibliyini vurğulayıb.

“Dövlət vəzifəsinin ən böyük imtiyazı xalqın etimadıdır. Heç bir şəxsi maraq millətimizin etimadından üstün ola bilməz”, – deyə Zahid Oruc qeyd edib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə