"Şuşanın beynəlxalq turizm məkanı kimi tanıdılması Azərbaycanın turizm potensialını artırır" - TURİZM ÜZRƏ EKSPERT

"Şuşanın beynəlxalq turizm məkanı kimi tanıdılması Azərbaycanın turizm potensialını artırır" - TURİZM ÜZRƏ EKSPERT

"Şuşanın beynəlxalq turizm paytaxtı elan edilməsi çox əhəmiyyətli hadisədir. Bu, həm Azərbaycanın, həm də şəhərin beynəlxalq səviyyədə tanınması, eyni zamanda turizm nöqteyi-nəzərindən Şuşanın və ətraf ərazilərin kəşf olunması istiqamətində ciddi addımdır".

Bu fikirləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, çünki bu kimi adların verilməsi gələcəkdə həmin turizm destinasiyasında bununla əlaqədar müxtəlif tədbirlərin keçirilməsindən də xəbər verir:

"Bu tədbirlərin təşkili əraziyə daha çox insanın gəlib-getməsinə, bölgənin daha yaxından kəşf olunmasına və tanıdılmasına xidmət edir. Eyni zamanda, keçirilən tədbirlər və onlarla bağlı paylaşımlar ərazinin tanınmasına, populyarlaşmasına səbəb olur.

Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə ciddi investisiyalar qoyulur, abadlıq işləri aparılır, infrastruktur qurulur. Otellər, restoranlar, turistlər üçün dəhlizlər, gəzməli və görməli yerlər bərpa olunur. Təbii ki, bu zaman tarixi irsin qorunması da diqqətdə saxlanılır.

İlk növbədə, soydaşlarımız, istər ölkə vətəndaşları, istərsə də xaricdə yaşayan azərbaycanlılar üçün bu ərazilər hər zaman görməyə dəyər və maraqlı məkanlardır. Çünki bizim həmin torpaqlarla tarixi köklərimiz var. Amma bu kimi tədbirlərin və hadisələrin məhz Şuşada keçirilməsi üçün məkan olaraq bu şəhərin seçilməsi, əlbəttə ki, daha çox əcnəbi turistin də əraziyə gəlməsinə səbəb ola bilər. İndiki şəraitdə Azərbaycan həmin ərazilərin təhlükəsiz məkan olduğunu tanıtmağa yönəlmiş strategiya həyata keçirir və tədricən bu ərazilər turizm baxımından mənimsənilir. İşğaldan azad olunmuş torpaqlarımızda, həmin ərazilərə yaxın istiqamətlərdə üç beynəlxalq hava limanının fəaliyyət göstərməsi də gələcəkdə bölgənin xarici turistlər tərəfindən daha çox kəşf olunmasına imkan yaradacaq. Əlbəttə ki, bu prosesdə ərazilərin tarixi əhəmiyyəti və tarixi irsin qorunması məsələləri də diqqətdə saxlanılır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə