"Beynəlxalq turizm sammiti Azərbaycanın turizm potensialının tanıdılmasına töhfə verəcək" - TURİZM EKSPERTİ
"Bakıda keçirilən beynəlxalq turizm sammiti Azərbaycanın turizm sektoruna irəlidəki zamanlarda ciddi təsir göstərəcək. Çünki bu, Asiya ölkələrindən turistlərin cəlb olunması üçün ən böyük tədbirlərdən biridir".
Bu fikirləri SİA-ya açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib.

Onun sözlərinə görə, Asiya qitəsi çox böyük bir qitədir və həmin qitədə çox böyük ölkələr var. Onların içərisində birinci yeri Rusiya, daha sonra Çin, Hindistan tutur. Hətta müsəlman ölkələrindən İndoneziyanı da bura qoya bilərik. Sonra Banqladeş, qardaş Qazaxıstan və turizm potensialı çox böyük olan Səudiyyə Ərəbistanı daxildir. Burada ayrıca Yaponiyanı da qeyd etmək olar:
"Bu ölkələrin Azərbaycanla əlaqələri artıq çoxdan başlanıb. Təbii ki, belə bir sammitin Azərbaycanda keçirilməsi həmin ölkələrin Azərbaycana marağını artırır və Azərbaycanın yüksək səviyyədə tanıdılmasına birbaşa töhfə verir.
Ümid edirik ki, 2027-ci, 2028-ci və irəlidəki illərdə bu tədbir ölkəmizin təbliğat və təşviqat işlərinə, Azərbaycana daha çox turistin cəlb olunmasına kömək edəcək. Azərbaycan turizmi bu il kiçilsə də, gələn il biz onun inkişafını görəcəyik. Bu da irəlidəki illər üçün çox böyük şərait yaratmış olacaq.
Qısaca desək, Bakıda keçirilən bütün beynəlxalq konqreslər və sammitlər Azərbaycanın beynəlxalq aləmdə tanıdılması üçün əsasdır və prioritetdir.
Azərbaycanın turizm sektoru qeyri-neft sektoru olduğu üçün neft sektorundan sonra ən çox gəlir gətirən sahələrin başında gəlir. Bu da istər-istəməz dövlətin bu sahəyə daha çox diqqət artırmasına gətirib çıxarır.
Ümidimiz var ki, hər şey yaxşı olacaq. Ümid edirik ki, irəlidəki illər bizim üçün daha xoş və gözəl keçəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB