Oktyabrın 29-da Bakıda Dövlət Turizm Agentliyi və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə “PATA Hosted Buyers Summit Baku 2026” tədbiri keçirilib.
SİA xəbər verir ki, tədbirin məqsədi Azərbaycanla Asiya-Sakit Okean regionunun əsas turizm bazarları arasında əlaqələri genişləndirmək və ölkənin turizm potensialını beynəlxalq səyahət sənayesi nümayəndələrinə təqdim etməkdir.
“Asiya-Sakit Okean regionu Azərbaycanla görüşür: Mənbə bazarından turizm destinasiyasına” mövzusuna həsr olunan sammitin açılışında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edib. O, Azərbaycanla PATA arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və Asiya-Sakit Okean regionunun ölkəmiz üçün perspektivli turizm bazarlarından biri olduğunu bildirib.
Fuad Nağıyev cari ildə Pekində Azərbaycan Turizm Bürosunun nümayəndəliyinin açılmasının region bazarlarında Azərbaycanın mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, sammit yerli turizm şirkətləri ilə regionun turizm sənayesi nümayəndələri arasında birbaşa əlaqələrin qurulmasına imkan yaradır.
PATA-nın sədri Henri Oh isə Azərbaycanın turizm imkanlarının Asiya-Sakit Okean regionunun əsas bazarları üçün maraq doğurduğunu bildirib. O, tədbirin turizm potensialının tanıdılması və beynəlxalq tərəfdaşların vahid platformada bir araya gətirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Sammit çərçivəsində Azərbaycan Turizm Bürosu ilə PATA arasında anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və PATA-nın baş icraçı direktoru Nur Əhməd Həmid imzalayıblar.
Memorandum Azərbaycanın Asiya-Sakit Okean regionunda tanıdılması, turizm bazarlarının nümayəndələri ilə əlaqələrin genişləndirilməsi, media ilə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də turizm sektorunun iştirakçıları arasında təcrübə və məlumat mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.
Tədbirin ikinci hissəsində Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Cənubi Koreyadan olan 50-dən çox turizm peşəkarının iştirakı ilə yerli turizm şirkətləri arasında B2B görüşlər keçirilib. Görüşlərdə əməkdaşlıq perspektivləri müzakirə olunub və yeni işgüzar əlaqələrin yaradılması imkanları nəzərdən keçirilib.
Proqram çərçivəsində iştirakçılar Bakı, Şamaxı, Qəbələ, Şəki və Qax rayonlarına səfər edərək Azərbaycanın tarixi-mədəni irsi, təbii turizm imkanları, qonaqpərvərlik ənənələri və turizm infrastrukturu ilə tanış olacaqlar.
Səfər zamanı Azərbaycanın İpək Yolu irsi, dağ və təbiət turizmi, işgüzar turizm, “Umrah Plus” proqramları və fərdiləşdirilmiş səyahət imkanları təqdim ediləcək. Həmçinin Azərbaycanın qonşu ölkələrlə birlikdə çoxölkəli Qafqaz turizm marşrutlarına daxil edilməsi imkanları müzakirə olunacaq.
Qeyd edək ki, 1951-ci ildən fəaliyyət göstərən PATA dövlət turizm qurumlarını, aviaşirkətləri, hava limanlarını, qonaqpərvərlik təşkilatlarını, təhsil müəssisələrini və turizm şirkətlərini birləşdirən beynəlxalq platformadır. Assosiasiyanın dünya üzrə 650-dən çox üzvü var. Azərbaycan Turizm Bürosu 2019-cu ildən təşkilatın üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB