“Azərbaycan Asiya-Sakit Okean regionunda fəal şəkildə tanıdılır“ - FLORİAN ZENQSTŞMİD

“Azərbaycan Asiya-Sakit Okean regionunda fəal şəkildə tanıdılır“ - FLORİAN ZENQSTŞMİD

Azərbaycanın Asiya-Sakit Okean regionunda turizm destinasiyası kimi tanıdılması istiqamətində beynəlxalq əməkdaşlıq genişləndirilir. Bu çərçivədə Bakıda keçirilən sammit regionun turizm bazarlarının nümayəndələrini yerli tərəfdaşlarla bir araya gətirib.

SİA xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid “PATA Hosted Buyers Summit Baku 2026” tədbiri ilə bağlı açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan 2019-cu ildən Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) üzvüdür və həmin vaxtdan ölkənin regionda tanıdılması istiqamətində fəal iş aparılır. Onun sözlərinə görə, sammit çərçivəsində Asiya-Sakit Okean regionundan 50-dən çox turizm alıcısının Bakıya gəlməsi əhəmiyyətli nailiyyətdir.

Florian Zenqstşmid bildirib ki, qonaqlar yerli tərəfdaşlarla işgüzar görüşlər keçirməklə yanaşı, Şamaxı və Şəkiyə səfər edərək Azərbaycanın üzüm bağları, dağları və digər turizm imkanları ilə tanış olublar.

O, iştirakçıların səfər təəssüratlarını sosial şəbəkələrdə paylaşmasını müsbət qiymətləndirib. Qeyd edib ki, bu paylaşımlar Azərbaycanın turizm imkanları barədə məlumatların region ölkələrində daha geniş auditoriyaya çatdırılmasına kömək edir.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru PATA ilə tərəfdaşlığın qarşıdakı illərdə daha da gücləndiriləcəyini və gələcəkdə Azərbaycanda daha genişmiqyaslı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə