“Turizm forumlarının real nəticəsi ölkəmizə gələn xarici turistlərin sayının artması olmalıdır” - TURİZM ÜZRƏ EKSPERT

“Turizm forumlarının real nəticəsi ölkəmizə gələn xarici turistlərin sayının artması olmalıdır” - TURİZM ÜZRƏ EKSPERT

"Ölkəmizdə keçirilən bu cür böyük tədbirlər, sammitlər və turizmlə bağlı beynəlxalq forumlar Azərbaycanın turizm imkanlarının tanıdılması baxımından mühüm platformadır. Bu tədbirlər Azərbaycan turizm sektorunun inkişafına, xüsusilə də Asiya ölkələrindən turistlərin cəlb olunmasına ciddi töhfə verə bilər".

Bu fikirləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, burada əsas məqam yalnız tədbirlərin keçirilməsi və fikir mübadiləsinin aparılması deyil. Əsas məqsəd konkret turizm marşrutlarının və turist məhsullarının təqdim edilməsi, eləcə də biznes şirkətləri arasında görüşlərin təşkili, qarşılıqlı maraq doğuran tərəfdaşlıqların qurulması və müqavilələrin imzalanması olmalıdır:

"Azərbaycan öz turizm məhsullarını, imkanlarını və üstünlüklərini Cənubi Koreya, Çin, Yaponiya və digər Asiya ölkələrində daha geniş şəkildə tanıtmalıdır. Bu istiqamətdə məqsədyönlü marketinq və təbliğat işlərinin aparılması, ölkəmizin cəlbedici turizm məkanı kimi təqdim olunması olduqca vacibdir.

Ümumilikdə, bu cür tədbirlərin və sammitlərin real nəticəsi imzalanan müqavilələr, qurulan yeni əlaqələr və yaranan tərəfdaşlıqlarla ölçülməlidir. Ən başlıcası isə bütün bu fəaliyyətlərin nəticəsində ölkəmizə gələn xarici turistlərin, xüsusilə də Asiya ölkələrindən gələn ziyarətçilərin sayında konkret artım müşahidə olunmalıdır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə