Azərbaycanın turizm potensialının beynəlxalq səviyyədə tanıdılması və Asiya ölkələrindən turist axınının artırılması üçün tanıtım fəaliyyətlərinin genişləndirilməsi vacibdir. Ölkənin qonaqpərvərliyi, zəngin təbiəti, mətbəxi və münasib qiymətləri turizm baxımından rəqabət üstünlükləri yaradır.
SİA xəbər verir ki, bu fikirləri Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) sədri Henri Oh Bakıda keçirilən “PATA Hosted Buyers Summit Baku 2026” tədbirində çıxışı zamanı bildirib.
O qeyd edib ki, tədbirin əsas məqsədi Azərbaycanın dünya miqyasında tanıdılmasıdır. PATA-nın beynəlxalq əlaqələr şəbəkəsi ölkənin turizm imkanlarının müxtəlif bazarlarda təqdim edilməsinə və yeni tərəfdaşlıqların qurulmasına dəstək verir.
Henri Oh bildirib ki, sammitdə Koreya, Yaponiya, Çin, Sinqapur, İndoneziya və Malayziyadan 50 turizm alıcısı iştirak edir. Onların Azərbaycana səfəri ölkənin gözəllikləri, qonaqpərvərliyi və turizm imkanları ilə yaxından tanış olmaq məqsədi daşıyır. O, iştirakçıların öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycanı tanıdacaqlarına və yeni turizm proqramları hazırlayacaqlarına ümidvar olduğunu bildirib.
PATA sədri Azərbaycanın əsas turizm üstünlükləri sırasında insanları, milli mətbəxi, təbiəti və Qərbi Avropa ilə müqayisədə münasib qiymətləri xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu imkanların beynəlxalq auditoriyaya daha geniş çatdırılması ölkənin turizm rəqabətliliyini gücləndirə bilər.
Henri Oh şəxsi müşahidələrini də bölüşüb. O bildirib ki, iki gün əvvəl İstanbuldan Bakıya uçarkən təyyarədə koreyalı turist qrupunu görüb, Qobustana səfəri zamanı isə çinli turistlərlə qarşılaşıb. PATA sədri Asiya ölkələrindən turistlərin Azərbaycana səfər etməsini müsbət hal kimi qiymətləndirib və gələcəkdə bu istiqamətdə turist axınının artacağına ümid etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB