"Azərbaycanın yaratdığı yeni geosiyasi gündəlik Cənubi Qafqazda sülhü real iqtisadi maraqlarla möhkəmləndirmək potensialına malikdir" - ŞƏRH

"Azərbaycanın yaratdığı yeni geosiyasi gündəlik Cənubi Qafqazda sülhü real iqtisadi maraqlarla möhkəmləndirmək potensialına malikdir" - ŞƏRH

"Azərbaycan-Ermənistan münasibətlərində son dövrdə müşahidə olunan dinamika Cənubi Qafqazın geosiyasi mənzərəsində fundamental dəyişikliklərin başlandığını göstərir. Söhbət artıq sadəcə iki ölkə arasında sülh müqaviləsinin imzalanmasından getmir. Regionda uzun illər mövcud olmuş qarşıdurma məntiqinin yerini yeni nəqliyyat, iqtisadi və kommunikasiya arxitekturasının tutması perspektivi yaranır. TRIPP layihəsi və Zəngəzur istiqamətində aparılan müzakirələr də bu dəyişikliklərin mühüm tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu kontekstdə Azərbaycan üçün əsas prioritetlərdən biri özünün əsas ərazisi ilə Naxçıvan arasında etibarlı və maneəsiz nəqliyyat bağlantısının təmin edilməsidir:

"Bu, Azərbaycanın suveren maraqlarından irəli gələn strateji məsələdir. TRIPP layihəsinin reallaşması isə həmin bağlantını daha geniş beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya etmək, Orta Dəhlizin imkanlarını genişləndirmək və regionun tranzit potensialını artırmaq baxımından əhəmiyyətlidir.

Ermənistan üçün də bu proseslər iqtisadi təcriddən çıxmaq, yeni investisiyalar cəlb etmək və regional kommunikasiyalardan faydalanmaq imkanı yaradır. Ancaq burada mühüm məqam ondan ibarətdir ki, kommunikasiya xətlərinin açılması siyasi bəyanatlarla deyil, konkret öhdəliklərin yerinə yetirilməsi və Azərbaycanın legitim tələblərinə adekvat münasibətlə mümkün olacaq.

Azərbaycanın mövqeyi kifayət qədər aydındır: regional əməkdaşlıq sülhə, qarşılıqlı etimada və beynəlxalq hüquqa əsaslanmalıdır. Naxçıvanla bağlantının təmin edilməsi də bu yanaşmanın ayrılmaz hissəsidir.

Mən hesab edirəm ki, TRIPP ətrafında formalaşan proseslər Ermənistan üçün seçim anıdır. İrəvan ya yeni regional reallıqları qəbul edərək iqtisadi inteqrasiyanın iştirakçısına çevriləcək, ya da köhnə siyasi stereotiplərin təsiri altında yaranan imkanlardan kənarda qalacaq. Azərbaycanın yaratdığı yeni geosiyasi gündəlik isə Cənubi Qafqazda sülhü real iqtisadi maraqlarla möhkəmləndirmək potensialına malikdir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə