“TikTok-da rəqəmsal dilənçilik əmək münasibəti kimi qiymətləndirilə bilməz“ -SOSİOLOQ
“Təbii ki, həyatımıza daxil olan hər dövr özünəməxsus yeniliklərlə müşahidə olunur. Müasir dövrün əsas yeniliklərindən biri texnologiyanın inkişafı, internetin və sosial platformaların həyatımızın ayrılmaz hissəsinə çevrilməsidir. Rəqəmsal dünya insanlara yeni imkanlar yaratsa da, hər kəs əmək münasibətlərini bu platformalar üzərindən formalaşdıra bilmir”.
Bu fikirləri əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan xalqının özünəməxsus mental dəyərləri, ənənələri və ailə prinsipləri var:
”Bu gün ölkəmizdə milyonlarla insan sosial platformalarda canlı yayımlar açmaqdan uzaqdır. Bəziləri bunu özünə yaraşdırmır, bəziləri utancverici hesab edir, digərləri isə şəxsi və ailə dəyərlərinə uyğun görmür. Buna görə də hər kəsin sosial platformalarda canlı yayımlar vasitəsilə gəlir əldə etməsini mümkün hesab etmək olmaz.
Əhalinin müəyyən bir təbəqəsi canlı yayımlar açaraq hədiyyələr qazanmaqla gəlir əldə etməyə çalışır. Lakin adi bir canlı yayım vasitəsilə davamlı əmək münasibəti formalaşdırmaq mümkün deyil. Bunun üçün izləyicilərin diqqətini cəlb edən, baxış sayını artıran və hədiyyələr qazandıran məzmun təqdim edilməlidir. Təəssüf ki, bəzi yayımlarda bu məqsədə çatmaq üçün insanların özlərini qeyri-etik şəkildə təqdim etməsinin şahidi oluruq.
Sosial platformalarda öz əmək fəaliyyəti ilə məşğul olan, gördüyü işi nümayiş etdirərək müştəri qazanan insanlar da var. Toxucular, döşək hazırlayanlar, şirniyyat bişirənlər, mağaza sahibləri canlı yayımlar vasitəsilə məhsullarını tanıdır, xidmətlərini təqdim edir və yeni müştərilər əldə edirlər. Bu, dövrün yeniliklərindən biridir və müsbət qiymətləndirilməlidir. Lakin bir də özünü nümayiş etdirməklə, izləyicilərin diqqətini müxtəlif yollarla cəlb etməklə hədiyyə qazanan insanlar var.
Mən canlı yayımları tez-tez izləyirəm və bəzi görüntülər məndə ikrah hissi yaradır. Xüsusilə qadınların açıq-saçıq geyimdə özlərini nümayiş etdirməsi, bədənlərini gəlir əldə etmək vasitəsinə çevirməsi narahatedici məqamdır. Hədiyyələrin hansı məzmunlara və hansı şəxslərə göndərildiyi də diqqət çəkir. Əməyi ilə məşğul olan toxucuya, döşək hazırlayan qadına və ya şirniyyat bişirən insana eyni diqqətin göstərilmədiyini görürük. Bu isə sosial platformalarda gəlir əldə etməyin hansı meyarlarla formalaşdığını ortaya qoyur.
Bütün bunları nəzərə alaraq, insanların əmək münasibətlərini tam şəkildə sosial platformalarda formalaşdırdığını demək doğru olmaz. Rəqəmsal dünyanın real həyata təsiri böyük olsa da, ölkəmizdə işsizlik problemi, xüsusilə gənclərin işlə təmin olunması məsələsi hələ də aktualdır. İş tapmaq bir çox insan üçün ciddi çətinliyə çevrilib. Ancaq hər kəs sosial platformalarda canlı yayımlar açaraq gəlir əldə edə bilmir. İnsanların şəxsi dəyərləri, özünə hörməti və cəmiyyət qarşısında məsuliyyəti bu seçimə təsir göstərir.
Əgər insanın qazancı yalnız bədənini nümayiş etdirməklə, özünü gülünc vəziyyətə salmaqla və ya izləyicilərin onu ələ salması hesabına əldə etdiyi hədiyyələrlə formalaşırsa, bunu ənənəvi əmək münasibəti kimi qiymətləndirmək düzgün deyil. Əlbəttə, həmin şəxslər müəyyən gəlir əldə edirlər. Lakin burada qazancın hansı fəaliyyət və hansı məzmun əsasında formalaşdığı məsələsinə diqqət yetirmək lazımdır.
İnsanların özlərini nümayiş etdirməklə, izləyicilərin əyləncəsi və vaxt keçirməsi üçün canlı yayımlarda müxtəlif davranışlar sərgiləməklə qazanc əldə etməsi daha çox əyləncə xarakteri daşıyır. Bu, peşəkar fəaliyyətlə, konkret məhsul və ya xidmət təqdim etməklə əldə olunan gəlirdən fərqlənir. Əmək münasibəti yalnız pul qazanmaqla deyil, görülən işin mahiyyəti, təqdim olunan xidmət və yaradılan dəyərlə də müəyyən olunur.
Belə düşünürəm ki, virtual həyat artıq real həyatımızı ciddi şəkildə əhatə edib, hətta bəzi hallarda onu üstələyir. Sosial platformalarda gördüklərimizlə real həyatda baş verənlər arasında böyük fərq var. Buna görə də rəqəmsal dünyanın imkanlarından istifadə edərkən onun yaratdığı mənfi təsirləri də nəzərə almalıyıq. Unutmamalıyıq ki, virtual həyat real həyatın özü deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB