"Avropa ölkələri müharibə ehtimalına qarşı cəmiyyətin hazırlığını gücləndirməlidir" - ŞƏRH EDİLDİ
"Avropada artıq ciddi şəkildə anlamağa başlayıblar ki, Rusiya təhlükəsi tədricən onlara doğru irəliləyə bilər. Düzdür, Rusiya Ukrayna bataqlığına saplanaraq hərəkət imkanlarını məhdudlaşdırıb, lakin bu, gələcəkdə Avropa üçün təhlükə yaratmayacağı anlamına gəlmir".
Bunu SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.

Siyasi eksperti sözlərinə belə davam edib:
"Həm də nəzərə almaq lazımdır ki, Avropa ölkələrində əhali uzun illərdir müharibəsizliyə və təhlükəsizliyə o qədər alışıb ki, yetişən yeni nəsil faktiki olaraq müharibənin nə olduğunu anlamır. Gənclər ümumiyyətlə hərbi xidmətdən yayınmağa və ya bu sahədən kənarda qalmağa daha çox meyillidirlər. Hətta müharibə elan ediləcəyi və ya baş verəcəyi təqdirdə belə, ondan yayınmaq üçün hər cür yola əl atmağa hazırdırlar. Almaniya başda olmaqla, Avropanın böyük əksəriyyətində gənclər müharibəni və hərbi xidməti özlərinə yaxın buraxmaq istəmirlər. Ölkələrinə kənardan təcavüz olacağı təqdirdə belə, müharibədən yayınmağa hazırdırlar.
Bu cür hallar Ukraynada da müşahidə olunub. Uzun illər ərzində Ukrayna xalqı müharibə ehtimalından uzaqlaşdırıldı, ölkədə hərbiləşmə zəiflədi, insanlar rahatlaşdı və arxayınlaşdı. Nəticədə müharibədən yayınmağı ayıb bilməyən bir nəsil yetişdi. Bu gün Ukrayna xalqı Rusiya təcavüzünə qarşı mərdliklə dirəniş göstərsə də, ölkədə minlərlə, hətta on minlərlə, bəzən isə yüz minlərlə gənc bütün imkanları ilə müharibədən yayınmağa, ölkədən qaçmağa və digər yollarla hərbi xidmətdən kənarda qalmağa çalışır.
Halbuki Azərbaycanın 44 günlük Vətən müharibəsində bunun heç bir əlaməti müşahidə olunmadı. Çünki xalq daim ayıq-sayıq saxlanıldı, müharibə ehtimalı nəzərə alındı və buna hazırlıq görüldü. Məhz buna görə də Azərbaycan gəncləri müharibədən yayınmadılar. Lakin Ukraynada belə bir hal baş verdi və bu gün də davam edir. Digər Avropa ölkələrində də oxşar vəziyyət mövcuddur. Ona görə də NATO-nun baş katibi qapılarının önündə düşmənin olduğunu vurğulayaraq ölkələri hazır olmağa çağırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB