"Azərbaycan Avropa İttifaqı üçün prioritet coğrafi istiqamətlərdən biri olmalıdır" - Kestutis Budris
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi, nəqliyyat bağlantılarının gücləndirilməsi və yükdaşımaların sürətləndirilməsi qarşıdakı dövrün əsas prioritetləri sırasındadır.
SİA xəbər verir ki, bunu Litva Respublikasının xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanla bağlı Avropa İttifaqına üzv 27 ölkənin eyni mövqedə olması əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm zəmin yaradır. Nazir qeyd edib ki, tərəflər arasında razılığın əldə olunması və birgə addımların atılması qarşıdakı illərdə əməkdaşlığı asanlaşdıracaq.
Kestutis Budris hazırda Avropa İttifaqının yeddiillik büdcəsi üzrə danışıqların aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu büdcəyə daxil olan “Qlobal Avropa” proqramı on milyardlarla avro həcmində böyük layihədir və Azərbaycanla əlaqələrin inkişafı həmin çərçivədə əsas prioritetlərdən biri olmalıdır. Bunun üçün siyasi iradə, ambisiya və qarşılıqlı anlaşmanın daha da gücləndirilməsi vacibdir.
Nazir vurğulayıb ki, vizasız rejimin liberallaşdırılması məsələsində olduğu kimi, iqtisadi və nəqliyyat sahələrində də qarşılıqlı maraqlar mövcuddur. İş adamlarının, turistlərin və vətəndaşların qarşılıqlı səfərlərinin genişləndirilməsi ölkələr arasında daha sıx əlaqələrin qurulmasına xidmət edəcək.
O, xüsusilə nəqliyyat dəhlizlərinin inkişafının əhəmiyyətini qeyd edib. Bildirib ki, yükdaşımaların marşrutları sürətləndirilməli, Avropa İttifaqı daxilində şimal-cənub bağlantıları yaradılmalı və bu xətlər Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrinə birləşdirilməlidir.
Kestutis Budris əlavə edib ki, Rusiyadan yan keçməklə Azərbaycandan kənd təsərrüfatı məhsullarının daşınması uzun vaxt aparır. Bu səbəbdən yükdaşımaların daha səmərəli təşkili və nəqliyyat əlaqələrinin gücləndirilməsi zəruridir. Nazir qarşıdakı altı ay ərzində bu istiqamətdə əldə olunan irəliləyişləri qiymətləndirməyin mümkün olacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB