Azərbaycan-Vyetnam münasibətləri: dostluq, etimad və strateji tərəfdaşlığın yeni mərhələsi - MƏQALƏ

Azərbaycan-Vyetnam münasibətləri: dostluq, etimad və strateji tərəfdaşlığın yeni mərhələsi - MƏQALƏ

Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illər ərzində formalaşmış dostluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanır. Təxminən 70 illik tarixə malik olan bu əlaqələr zamanın sınaqlarından keçərək bu gün keyfiyyətcə yeni mərhələyə – strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında mövcud münasibətlərin mahiyyətini, əldə olunan nailiyyətləri və gələcək əməkdaşlıq perspektivlərini əhatə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan-Vyetnam münasibətlərinin ən mühüm xüsusiyyətlərindən biri qarşılıqlı dəstək və etibara söykənməsidir. Bu dostluq yalnız siyasi bəyanatlarda və diplomatik görüşlərdə deyil, çətin məqamlarda nümayiş etdirilən həmrəylikdə də özünü göstərir. Azərbaycanın 2024-cü ildə Vyetnamda “Yagi” tayfununun, 2025-ci ildə isə güclü daşqınların yaratdığı fəsadların aradan qaldırılması məqsədilə göstərdiyi maliyyə yardımı bunun bariz nümunəsidir. Belə humanitar dəstək iki xalq arasında mövcud olan səmimi münasibətlərin və dostluq ənənələrinin real təzahürüdür.

2025-ci ildə Azərbaycan və Vyetnam arasında Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ oldu. Bu sənəd siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Eyni zamanda, tərəflərin qarşılıqlı maraqlarının uzlaşdırılması və uzunmüddətli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması baxımından mühüm siyasi əhəmiyyət daşıyır.

Müasir dövrdə Azərbaycanın geostrateji mövqeyi, enerji resursları, beynəlxalq nəqliyyat-kommunikasiya imkanları və regionda artan nüfuzu Vyetnamla əməkdaşlıq üçün geniş perspektivlər açır. Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə malik olan Vyetnamla iqtisadi-ticari əlaqələrin genişləndirilməsi Azərbaycanın Asiya bazarlarına çıxış imkanlarını da artırır. Xüsusilə nəqliyyat-logistika, enerji, sənaye və investisiya sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkə üçün qarşılıqlı fayda vəd edir.

Prezident İlham Əliyevin müsahibəsində diqqətə çatdırılan mühüm məqamlardan biri də beynəlxalq münasibətlərdə etimadın, qarşılıqlı hörmətin və bərabərhüquqlu əməkdaşlığın əhəmiyyətidir. Azərbaycan xarici siyasətində dostluq münasibətlərinin qorunmasına, dövlətlərin suverenliyinə hörmət edilməsinə və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıqların qurulmasına xüsusi önəm verir. Vyetnamla münasibətlərin inkişafı da məhz bu prinsiplərin ardıcıl şəkildə həyata keçirilməsinin nümunəsidir.

Əminliklə demək olar ki, Azərbaycan-Vyetnam münasibətləri möhkəm tarixi təmələ və böyük gələcək potensialına malikdir. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə müəyyənləşdirilmiş hədəflərin reallaşdırılması, siyasi dialoqun davam etdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında əlaqələri daha da gücləndirəcək. Qarşılıqlı dəstək, səmimi dostluq və etimad üzərində qurulan bu tərəfdaşlıq həm Azərbaycan, həm də Vyetnam xalqlarının rifahına, eləcə də beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir.

YAP Qubadlı rayon təşkilatının sədri: Təhmasib Rüstəmov

Bütün xəbərlər Facebook səhifəmizdə