"Azərbaycan–Ermənistan münasibətlərində son dövrdə müşahidə olunan proseslər regionun gələcək siyasi və iqtisadi mənzərəsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu gün həmin reallıqların siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi, davamlı sülhün təmin olunması və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində ölkəmiz mühüm addımlar atır". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanın mövqeyi hər zaman aydın və prinsipial olub:
"Biz regionda sülhün tərəfdarıyıq, lakin bu sülh qarşılıqlı suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət əsasında qurulmalıdır. Ermənistanla münasibətlərin normallaşması üçün sülh sazişinin imzalanması, konstitusion və hüquqi müstəvidə Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması mühüm şərtlərdir.
Bu baxımdan TRIPP layihəsinin praktiki icra mərhələsinə keçməsi xüsusi əhəmiyyət kəsb edir. Bu layihə yalnız Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat xətti deyil, bütövlükdə Cənubi Qafqazın beynəlxalq nəqliyyat-logistika sistemində mövqeyini gücləndirəcək strateji təşəbbüsdür. Zəngəzur istiqamətində kommunikasiyaların açılması Şərqlə Qərb arasında yeni bağlantılar yaradacaq, Orta Dəhlizin imkanlarını genişləndirəcək, region ölkələri üçün iqtisadi və ticarət perspektivləri formalaşdıracaq.
Burada əsas məsələ ondan ibarətdir ki, kommunikasiyaların açılması Azərbaycanın suveren hüquqlarına və vətəndaşlarımızın maneəsiz hərəkət imkanlarına uyğun şəkildə təmin edilməlidir. Eyni zamanda, Ermənistanın da öz suverenliyi çərçivəsində regional iqtisadi layihələrdən faydalanması mümkündür. Yəni bu proses qarşıdurma deyil, qarşılıqlı fayda və əməkdaşlıq məntiqi üzərində qurulur.
TRIPP-in reallaşması, eyni zamanda, regionda maraqları olan beynəlxalq aktorların diqqətini Cənubi Qafqaza daha da artırır. Lakin regionun gələcəyi böyük güclərin geosiyasi rəqabət meydanına çevrilməməlidir. Azərbaycan bütün tərəfdaşlarla əməkdaşlığa açıq olmaqla yanaşı, milli maraqlarını və regional təhlükəsizliyi hər zaman əsas götürür.
Hazırkı mərhələdə Ermənistan mühüm seçim qarşısında dayanıb. Ya mövcud reallıqları qəbul edərək sülhə, əməkdaşlığa və iqtisadi inteqrasiyaya üstünlük verəcək, ya da keçmişin siyasi stereotipləri ilə regionun inkişaf imkanlarından kənarda qalacaq.
Azərbaycan öz mövqeyini hərbi-siyasi qələbəsi ilə təsdiqləyib. İndi əsas məqsəd bu qələbəni davamlı sülhə, iqtisadi inkişafa və regional əməkdaşlığa çevirməkdir. Zəngəzur istiqamətində kommunikasiyaların açılması və TRIPP layihəsinin həyata keçirilməsi də məhz bu strateji məqsədə xidmət edir. Əminik ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni regional əməkdaşlıq modeli Cənubi Qafqazda uzunmüddətli sabitliyin və rifahın əsasını təşkil edəcəkdir.
Bəli, Azərbaycan sülh və əməkdaşlıq gündəliyini irəli aparır. Lakin sülh prosesi suverenlik, ərazi bütövlüyü və qarşılıqlı öhdəliklər prinsiplərindən kənara çıxa bilməz. TRIPP isə bu yeni reallıqların iqtisadi və geosiyasi müstəvidə möhkəmlənməsi üçün mühüm vasitədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB