Qış aylarında havanın temperaturunun aşağı düşməsi ürək-damar sisteminə əlavə yük yaradır. Soyuq havanın təsiri ilə qan damarları daralır, arterial təzyiq yüksələ və ürəyin fəaliyyəti çətinləşə bilər. Bu dəyişikliklər xüsusilə hipertoniya və digər ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda infarkt və insult riskini artıra bilər.
Bu sözləri SİA-ya kardioloq Günay Məhərrəmova deyib.

O bildirib ki, soyuq temperatur zamanı orqanizm istiliyi qorumaq üçün qan damarlarını daraldır:
“Nəticədə qan dövranına müqavimət artır, ürək qanı dövr etdirmək üçün daha çox işləyir. Bu vəziyyət arterial təzyiqi yüksək olan və damarlarında aterosklerotik dəyişikliklər mövcud olan şəxslər üçün əlavə təhlükə yaradır.
Qış mövsümündə ürək-damar sağlamlığının qorunması üçün ilk növbədə arterial təzyiqə mütəmadi nəzarət edilməlidir. Hipertoniya xəstələri təzyiqlərini ev şəraitində ölçməli, göstəriciləri qeyd etməli və təyin olunmuş dərmanları vaxtında qəbul etməlidirlər. Müalicənin özbaşına dayandırılması və ya dərman dozasının dəyişdirilməsi yolverilməzdir.
Soyuq havalarda bədənin isti saxlanılması da mühüm əhəmiyyət daşıyır. Küçəyə çıxarkən mövsümə uyğun geyinmək, qəfil temperatur dəyişikliklərindən qorunmaq və xüsusilə səhər saatlarında ağır fiziki işlərdən çəkinmək tövsiyə olunur.
Bununla yanaşı, qış aylarında fiziki aktivliyi tamamilə dayandırmaq düzgün deyil. Hava şəraiti imkan verdikdə müntəzəm gəzinti və yüngül idman hərəkətləri ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Sağlam qidalanmaq, duzlu və yağlı qidaların qəbulunu azaltmaq, siqaretdən uzaq durmaq da ürək-damar risklərinin azaldılmasına kömək edir.
Xüsusilə sinədə sıxıcı ağrı, qəfil təngnəfəslik, soyuq tər, güclü halsızlıq, üzün əyilməsi, qol və ayaqda qəfil zəiflik və danışıq pozğunluğu kimi əlamətlərə diqqət yetirilməlidir. Bunlar infarkt və ya insultun xəbərdaredici simptomları ola bilər. Belə hallarda dərhal təcili tibbi yardım çağırılmalıdır.
Kardioloq olaraq qeyd etmək vacibdir ki, soyuq hava ürək-damar xəstəliklərinin mövcud risklərini daha da artıra bilər. Buna görə də hipertoniya xəstələri qış aylarında arterial təzyiqlərinə nəzarəti gücləndirməli, müalicələrini davam etdirməli və mütəmadi həkim müayinəsindən keçməlidirlər.
Unutmayaq ki, ürək-damar xəstəliklərinin ağırlaşmalarının qarşısını almağın ən vacib yolu vaxtında profilaktika, düzgün müalicə və sağlam həyat tərzidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB