“Hesablama Palatası dövlət büdcəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüb“ -NƏSİR SADIQOV
“Büdcə vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması, maliyyə nəzarətinin gücləndirilməsi və büdcə planlaşdırılmasının təkmilləşdirilməsi istiqamətində bir sıra addımların atılması vacibdir. Palata bu məqsədlə müxtəlif istiqamətlər üzrə konkret təkliflər hazırlayıb”.
SİA xəbər verir ki, Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Milli Məclisin komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair rəydə əksini tapan tövsiyələrdən danışıb.
Onun sözlərinə görə, ilk növbədə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramların bütün xərcləri büdcə sənədlərində ayrıca sətirlə göstərilməlidir. Eyni zamanda, növbəti illəri əhatə edən, lakin büdcə sənədlərində proqramlarla bağlı məlumatlara daxil edilməyən digər proqramların da siyahıya əlavə olunması məqsədəuyğundur.
Nəsir Sadıqov torpaq vergisi üzrə vergi potensialının artırılmasının vacibliyini də vurğulayıb. O qeyd edib ki, bunun üçün daşınmaz əmlakın dövlət reyestri və vahid dövlət kadastrında mövcud olan torpaq sahələrinə dair məlumatlar, dövlət və bələdiyyə torpaqlarının icarəsi, tikintiyə verilmiş icazələr və torpaqların faktiki istifadəsi barədə məlumatlar vergi ödəyicilərinin bəyanatları ilə inteqrasiya edilməli və avtomatlaşdırılmış qaydada üzləşdirilməlidir.
Bildirilib ki, belə bir mexanizm vergi uçotunda olmayan torpaq sahələrinin, bəyanatlarda faktiki göstəricilərdən az göstərilən ərazilərin, kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlər üçün istifadəsi hallarının müəyyənləşdirilməsinə imkan verə bilər. Nəticədə torpaq vergisi üzrə büdcə daxilolmalarının artırılması üçün əlavə imkanlar yaranar.
Palatanın digər təklifi ortamüddətli büdcə planlaşdırılması ilə bağlıdır. Belə ki, ortamüddətli dövr üçün xərclərin müəyyənləşdirilməsi qaydasında yalnız gəlirlərin deyil, xərclərin də əhatə olunması təklif edilir.
Sədr müavini dövlət büdcəsindən subsidiyaların ayrılması mexanizminin də təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, subsidiyaların verilməsini tənzimləyən aydın meyarlar və konkret qaydalar müəyyən edilməlidir. Eyni zamanda, ənənəvi dövlət proqramları ilə ortamüddətli xərclər çərçivəsində nəzərdə tutulan proqramlar arasında vahid yanaşma və uzlaşma təmin olunmalı, proqramlar üzrə büdcələşmə meyarları hazırlanmalıdır.
Nəsir Sadıqov bölüşdürülməmiş, yəni blok xərclərin payının mümkün istiqamətlər üzrə azaldılması üçün tədbirlərin görülməsini də vacib hesab edib. O, həmçinin dövlət sifarişləri mexanizminin təkmilləşdirilməsi və dövlət sifarişlərinin formalaşdırılması prosesinin elektronlaşdırılması təklifini diqqətə çatdırıb.
Bununla yanaşı, açıq büdcə indeksində Azərbaycanın mövqeyinin yaxşılaşdırılması məqsədilə büdcə sənədlərinin təkmilləşdirilməsi və “Büdcə sistemi haqqında” qanunda dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı müvafiq tənzimləmələrdə Hesablama Palatasının təkliflərinin nəzərə alınması tövsiyə olunub.
Sonda Hesablama Palatasının sədr müavini qeyd edib ki, irəli sürülən təkliflərin həyata keçirilməsi dövlət maliyyəsinin idarə edilməsinin səmərəliliyinin artırılmasına, büdcə şəffaflığının gücləndirilməsinə və ortamüddətli büdcə planlaşdırılmasının təkmilləşdirilməsinə xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB